"Elm və Təhsil Nazirliyi repetitorluq məsələsini dəfələrlə gündəmə gətirib və bu sahədə tələbatı azaltmaq üçün müəyyən addımlar atıb. Məsələn, ötən il həm regionlarda, həm də Bakıda pilot layihə çərçivəsində bir neçə məktəbdə təmayüllü siniflər yaradılıb. Bu siniflərdə IX sinifdən sonra şagirdlərin ali təhsil müəssisələrinə qəbul istiqamətləri üzrə qruplaşdırılması və Dövlət İmtahan Mərkəzinin qəbul modelinə uyğun hazırlığının təşkili nəzərdə tutulub. Həmin qruplarda ixtisas fənləri üzrə bilikli, fərqlənən və sertifikatlaşdırma imtahanlarında yüksək nəticə göstərən müəllimlər dərs deyirlər".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, Azərbaycanda repetitor xidmətlərinə tələbatın artması və hazırlıq qiymətlərinin yüksəlməsi təhsil sistemində bir sıra məsələləri gündəmə gətirir. Ali məktəblərə qəbul olmaq istəyən şagirdlərin böyük hissəsinin əlavə hazırlığa üz tutması valideynlərin xərclərini artırmaqla yanaşı, məktəbdə verilən təhsilin yetərliliyi ilə bağlı suallar da yaradır. Xüsusilə Bakı ilə regionlar arasında qiymət fərqləri və bəzi müəllimlərin yüksək xidmət haqları ailələrin əlavə maliyyə yükünü daha da artırır. Digər tərəfdən, repetitorluğa maddi imkanı olan ailələrin daha çox müraciət edə bilməsi şagirdlərin bərabər hazırlıq imkanlarına təsir göstərə bilər.
Ekspert qeyd edib ki, bu addım gələcəkdə repetitorluğa tələbatın azaldılmasına yönəlib.
"Pilot layihənin uğurlu hesab edilməsindən sonra bu il Bakı şəhərində daha 30-dan çox məktəb layihəyə cəlb olunub. Lakin düşünmürəm ki, bu addım repetitorluğun qarşısını tamamilə ala biləcək. Müəyyən dərəcədə təsir göstərsə də, problemin köklü həlli üçün Azərbaycanda ali təhsil müəssisələrinə qəbul qaydaları dəyişməlidir. Qəbul qaydaları dəyişmədikcə, Azərbaycanda repetitorluğun ildən-ilə artan tendensiyası davam edəcək. Məsələn, elə ailələr var ki, maddi imkanları məhdud olduğundan övladlarını yalnız ümumtəhsil məktəblərindəki tədris proqramına uyğun hazırlaya bilirlər. Lakin bu şagirdlər Bakıda repetitor yanına gedən yaşıdları ilə eyni nəticələri əldə etməkdə çətinlik çəkirlər. Repetitor xidmətlərinin qiymətləri təxminən 50-300 manat arasında dəyişir. Ucqar ərazilərdə və rayonlarda bir şagird üçün hazırlıq haqqı təxminən 50 manat olduğu halda, Bakıda fərdi məşğələlər keçirən, yüksək nəticələri ilə tanınan bəzi repetitorların aylıq xidmət haqqı 300-350 manata çatır. Digər repetitorların qiymətləri isə təxminən 150 manat civarında dəyişir. Məbləğlər müəllimin peşəkarlığından, titullarından və hazırladığı şagirdlərin nəticələrindən asılı olaraq fərqlənir. Bütün bunları nəzərə alsaq, repetitorluğun qarşısını almaq üçün yalnız Elm və Təhsil Nazirliyinin təşəbbüsləri, məncə, kifayət etməyəcək. Çünki bu, kifayət qədər geniş yayılmış bir tendensiyadır. Azərbaycanda 1 milyon 600 min şagird var və hər il təxminən 50-60 min şagird məktəbi bitirir. Bu miqyasda problemin yalnız ayrı-ayrı layihələrlə həll edilməsi çətindir. Şagirdlər ali məktəblərə qəbul zamanı yüksək nəticə əldə etmək istəyirlər və bunun üçün çox vaxt əlavə hazırlığa ehtiyac duyurlar. Ona görə də yaxın gələcəkdə Azərbaycanda repetitorluğun tamamilə aradan qaldırılması istiqamətində atılan addımların yetərli olacağını düşünmürəm. Bunun üçün ilk növbədə ali təhsil müəssisələrinə qəbul qaydalarına köklü dəyişikliklər edilməlidir".
Rəfiqə Namazəliyeva,
AzNews.az