Dağıstan prezidentindən İlham Əliyevə dəstək

2 Oktyabr 2013 10:03 (UTC+04:00)
Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Azərbaycan vətəndaşı olan dağıstanlılara müraciət edib.


Trend-in məlumatına görə, Dağıstan rəhbərinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir: "Hörmətli dağıstanlılar! Azərbaycan bizim tarixi qonşumuzdur və biz Azərbaycanın, onun xalqının və dövlətinin taleyi və perspektivlərinə laqeyd qala bilmərik. Azərbaycan Respublikasının vətəndaşları 9 oktyabr 2013-cü ildə prezident seçəcəklər. Müasir Azərbaycan artıq yeddinci dəfə demokratik seçkilər keçirir. Bu demokratik ənənələrin əsası Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirzaoğlu Əliyev tərəfindən qoyulub".

Sənəddə vurğulanır ki, Rusiya həmişə Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmlənməsinə böyük əhəmiyyət verir. Keyfiyyət mənasında münasibətlər Vladimir Vladimiroviç Putinin Rusiya Prezidenti seçilməsindən sonra yeni səviyyəyə çıxıb.

Dağıstan Prezidentinin müraciətində bildirilir: "Bu siyasətin davamı Rusiya Prezidentinin bu yaxınlarda Bakıya etdiyi səfər və onun Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə baş tutan görüşü oldu. Bizim ölkələrimiz arasında iqtisadi əlaqələr uğurla inkişaf edir, əmtəə dövriyyəsi artır, təhsil sahəsi daxil olmaqla humanitar sahədə əməkdaşlıq həyata keçirilir, təhlükəsizliyin təmin olunması məsələləri birgə həll edilir".

Müraciətdə vurğulanır ki, Rusiya Federasiyasının bir hissəsi kimi Dağıstan Azərbaycanın ən yaxşı qonşusudur, "deyirlər ki, yaxşı qonşu uzaq qohumdan yaxşıdır".

Dağıstan Prezidentinin müraciətində bildirilir: "Bu, həqiqətən də belədir və bizim aramızda tarix boyu mehriban münasibətlər olub. Azərbaycan Respublikasında minlərlə dağıstanlı - ləzgilər, avarlar, çaxurlar, Dağıstan xalqlarının digər nümayəndələri yaşayır, ona görə də bizim mehribanlığımız faktiki olaraq qardaşlıqdır. Dağıstan və Azərbaycan respublikaları arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişlər imzalanıb. Sabit əlaqələr, birgə iqtisadi və mədəni proqramlar əminlik yaradır ki, bizim xalqlarımızın sabahı müvəffəqiyyətli olacaq. Ümumi səylər nəticəsində biz Azərbaycan ərazisində yaşayan etnik dağıstanlıların və Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayan azərbaycanlıların sosial şəraitinin yaxşılaşdırılması üçün birgə iş aparırıq".

Sənəddə vurğulanır ki, artıq 10 ildir ki, Azərbaycan Respublikasına nəinki öz vətəndaşları, həm də Rusiya cəmiyyəti arasında böyük nüfuza malik təcrübəli siyasətçi, müdrik siyasi xadim İlham Əliyev rəhbərlik edir.
Müraciətdə bildirilir: "İlham Əliyev öz yüksək və məsuliyyətli vəzifəsində artıq çox şey edib. Azərbaycan iqtisadiyyatının planauyğun artımı təmin edilir, əhalinin gəlirləri artır. Böyük investisiya layihələri həyata keçirilir, Azərbaycanın Avropa və dünya energetika siyasətində mövqeyi möhkəmlənir".

Abdulatipov vurğulayır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilə qədər Azərbaycan Respublikasının inkişaf konsepsiyası hazırlanıb ki, onun uğurlu şəkildə həyata keçirilməsi cəmiyyətin bütün sahələrində yüksək göstəricilərə nail olmağa imkan verəcək".

Müraciətdə vurğulanır: "Əziz həmyerlilər, Azərbaycan Respublikasının vətəndaşı olan dağıstanlılar! Bütün Azərbaycan vətəndaşları vacib siyasi hadisə ərəfəsində sizi seçkilərdə aktiv şəkildə iştirak etməyə və Azərbaycan Respublikasının davamlı inkişafının və sülhün, Rusiya Federasiyası ilə əməkdaşlığın sonrakı inkişafının qarantı olan hazırkı ölkə başçısı İlham Əliyevə səs verməyə çağırıram. Azərbaycan Respublikasının bütün xalqlarına müvəffəqiyyətlər və əmin-amanlıq arzulayıram!"

AzNews.az