Məzahir Pənahov jurnalistlər üçün brifinq keçirdi

2 Oktyabr 2013 11:13 (UTC+04:00)
Prezident seçkiləri günü fəaliyyət göstərəcək Mərkəzi Mətbuat Mərkəzinin açılış mərasimi olub.


APA-nın məlumatına görə, mərasim çərçivəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlər üçün brifinq keçirib.

O deyib ki, 125 seçki dairəsi üzrə 5491 seçki məntəqəsində 5 milyon 141 seçicinin səsverməsi üçün şərait yaradılıb. Bununla yanaşı, xarici ölkələrdə seçki məntəqələri açılıb ki, bu da xaricdə yaşayan vətəndaşlarımızın səsvermədə iştirakının təmin olunmasıdır. O qeyd edib ki, kiminsə adı seçici siyahısına düşməyibsə, şəxsiyyət vəsiqəsi ilə məntəqəyə gələrək, sənədini təqdim etdikdən sonra səsvermədə iştirak edə bilər.

M.Pənahov bildirib ki, bəzi xarici ölkələr və beynəlxalq təşkilatlar Azərbaycandakı seçki mühitinə həsəd aparır: "Bu proseslər yüksək səviyyədə həyata keçirilir. Ümumiyyətlə, demokratik prinsipin əsas amili şəffaflıqdır. Seçkilərdə şəffaflığın təmin olunması üçün mediaya ən üstün şərait yaradılıb. Medianın seçkini izləmək və prosesin içində olması üçün heç məhdudiyyət olmayacaq. Məntəqə seçki komissiyasının işinə qarışmamaq şərti ilə müşahidəçilərə də seçkini izləmək üçün bütün səlahiyyətlər verilib. İndi müşahidəçilərin qeydiyyatdan keçirilməsi problemi yoxdur. Müşahidəçilərin sayı isə 40 minə yaxınlaşır. Təkcə beynəlxalq müşahidəçilərin sayı 1300-dən çoxdur. Ümumiyyətlə, seçkidə 100-ə yaxın ölkədən müşahidəçi olacaq".

M.Pənahov onu da qeyd edib ki, Müstəqil Mətbuat Mərkəzində seçki prosesini işıqlandıran yerli və beynəlxalq jurnalistlərin fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılacaq. Eyni zamanda müşahidəçilər də Müstəqil Mətbuat Mərkəzinin xidmətlərindən faydalana biləcəklər.

AzNews.az