Peşə təhsili ilə bağlı strategiya hazırlanacaq

2 Oktyabr 2013 16:10 (UTC+04:00)
Azərbaycan Təhsil Nazirliyi peşə təhsili ilə bağlı strategiya hazırlayacaq.


NazirlikdənAzNews.az-a bildirilib ki, strategiyada peşə təhsilinin inkişafını təmin edən istiqamətlər müəyyənləşdiriləcək. 5 ili əhatə edən strategiyanın layihəsinin hazırlanmasına bu il ərzində başlamaq nəzərdə tutulur. Bu strategiya hazır olduqdan sonra ona uyğun olaraq yeni Dövlət Proqramının hazırlanması üzərində iş aparılacaq.

Qeyd edək ki, artıq Azərbaycanda peşə təhsili üzrə bir proqram həyata keçirilib. "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafi üzrə Dövlət Proqramı" 2007-2012-ci illəri əhatə edib.

Hazırda Azərbaycan Təhsil Nazirliyinin tabeliyində 104, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində isə 4 peşə təhsili müəssisəsi, ümumilikdə 108 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Bunlardan 47-si peşə liseyi, 2-si peşə tədris mərkəzi, 59-u isə peşə məktəbi kimi fəaliyyət göstərir. Peşə məktəblərindən 8-i cəzaçəkmə müəssisələrinin tərkibində fəaliyyət göstərir.

AzNews.az