Xocavənd rayonunda sükut yürüşü keçirildi

2 Oktyabr 2013 16:26 (UTC+04:00)
Azərbaycanın Xocavənd rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 21-ci ildönümü münasibətilə Xocavənd rayonunda sükut yürüşü keçirilib.


APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon ictimaiyyətinin bir qismi təmas xəttinin Xocavənd rayonu istiqamətinə səngərə qədər yürüş keçirib. Tədbirdə Şuşa və Xocavənd rayonlarının İcra hakimiyyətlərinin başçıları, Xocavənd uğrunda döyüşlərdə vuruşan keçmiş döyüşçülər və respublikanın bir çox bölgələrindən ziyalılar iştirak ediblər.

Mərasimdə iştirak edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov jurnalistlərlə söhbətində münaqişənin nizamlanması ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin dəyişdirilməsinə münasibət bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi ATƏT-in bu istiqamətdə fəaliyyətində irəliləyiş olacağına ümid edir: "Bunlar qəbul eləməlidir ki, bu məsələdə Azərbaycan tərəfi haqlı və ədalətlidir. Düzdür, bu günədək də həmsədrlər çalışıblar. Amma bildiyimiz kimi, Minsk qrupu tərəfindən görülən işlər bizi qane etmir".

İcma rəhbəri onu da bildirib ki, bu gün də Azərbaycan tərəfi Dağlıq Qarabağda yaşayan erməni icması ilə danışıqlar üçün hazırdır və erməni tərəfi özü bunda maraqlıdır: "Bilirsiniz, mənimlə telefonla danışanları olub, çox ağır yaşamaqlarına, çətinlik çəkməklərinə görə deyirlər ki, torpaqları azad edin, gəlin yaşayaq. Ermənilər Ermənistan hakimiyyətinin Qarabağda yaşayan sıravi erməniləri çox ciddi təsir altında saxladıqlarını da dilə gətirirlər".


AzNews.az