Zəvvarlarımız Həccə getdilər

3 Oktyabr 2013 07:40 (UTC+04:00)
Azərbaycandan zəvvarları çarter reysi ilə Həcc ziyarətinə aparan ilk təyyarə bu gün səhər saat 08.00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bu gün iki uçuş olacaq.

Növbəti uçuş saat 09.20-yə nəzərdə tutulur.

Qeyd edək ki, zəvvarların yola salınması oktyabrın 8-dək davam edəcək. Azərbaycanda bu il də Həcc ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçirilir. Zəvvarlarımızın Həcc ziyarətinə aparılmasını Fransanın "France Air" aviaşirkəti təşkil edir. Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq.

Oktyabrın 3-də iki reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq. Ümumilikdə bu il Azərbaycandan təxminən 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub.

Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və mayın 30-da başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunub. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən zəif şəraitli, gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır (VİP).

AzNews.az