Abdullanın kitabı

3 Oktyabr 2013 08:10 (UTC+04:00)

I Yazı

Abdulla birinci sinifə gedir. Birinci sinifin riyaziyyat dərsliyində şagirdlərə belə bir tapşırıq verilib: "Aşağıdakı sanamanı böyüklərin köməyi ilə evdə öyrənin.
İki, dörd, altı, səkkiz, on,
Quş eyvana qon.
On iki, on dörd, on altı,
Araba yolda qaldı".
"On" sözü ilə "qon" sözü oxşar olduğundan bu cümlə anlaşılandır. Bəs görəsən, "on altı" ilə arabanın yolda qalmasını qafiyələndirmək dərslik müəllifinin ağlına hardan gəlib?

Çox fikirləşib özünüzü yormayın. Fikirlər bir kələfin düyününü ancaq məntiqlə açar. Təbii, məmləkətimiz məntiq elmini heç sevmədi. Mən isə bu anlaşılmaz söz yığının uşaqlara niyə əzbərlətdirdiklərini təxmini anlayıram. Elə birinci sinifin İnformatika dərsliyi bu anlaşılmazlığı iyicə çözdü.

İnformatika dərsliyinin 35-ci səhifəsində balaca Alpayın evindən məktəbə 3 yol çəkilib. Yolun ikisi açıqdır, birini isə bağlayıblar. Çünki sarı rəngli buldozer yolda iri bir quyu qazıb. Bəllidir, yəni təmir gedir. Uşaqlara belə bir sual verilib: "Alpayın evindən məktəbə neçə yol var? Hansı yollarla məktəbə getmək mümkündür?"

Bütün bunlar uşaqları cəmiyyətimizin problemlərinə indidən alışdırmaq üçün edilən cəhdlərdir. Balaca Abdulla şəhərin mərkəzində sarı rəngli buldozeri görəndə elə sevinmişdi ki. Bu sevinc küləyin buldozerin kürələdiyi torpağın tozunu Abdullanın başına ələyənə qədər davam etmişdi.

İndi bu kitablar Abdullanın və onun kimi minlərlə birinci sinif şagirdinin beyninə reallığımızı yeridir. Bəli bu reallığımızdır. SÖZ yox, söz yığını, ŞEİR yox, əttökən, mənasız və üslubsuz sayıqlamalar, YOL yox, quyuçalarla, sarı buldozerlərlə dolu olan, darısqal səkilərini burnu dik, iri maşınların zəbt etdiyi cığırlar. Amma bu çox yaxşı ideyadır. Bir də var ki, uşağın beynini yalan-falanla dolduralar, sonra da bu yalanların dalınca düşüb ilğımlarda itib-bata.

Abdullanın Azərbaycan dili dərsliyində "Novruz bayramı" adlı yazıda qədim bayramımızdan bəhs olunur. Yazının sonu belə bitir: "Novruz bayramının ən əziz qonaqları Kosa ilə Keçəldir. Onların zarafatları uşaqları əyləndirir". Sizcə, bu gerçəkdirmi? Gəlin görək, aramızda Kosa ilə Keçəli sevən neçə nəfər var? Mən isə uşaqlıqdan bu idbarları sevə bilmədim. Həmişə elə bilirdim ki, Kosa ilə Keçəl hardansa bizə məlum olmayan, çox qorxulu canlıların yaşadıqları, suyu və odu olmayan bir məkandan gəliblər və onlar heç vaxt çimmədikləri üçün iylənirlər. Heç vaxt çimmədikləri üçün başlarını bit yeyib, ona görə keçəl qalıb.

Bu da doğrudur ki, soruşsan nə bu kitabın müəllifləri, nə də Kosa ilə Keçəli Novruz bayramının əsas atributuna çevirənlər suallarıma cavab verə bilmzlər. Gəlin, birlikdə soruşaq, görək sorğumuza cavab verə biləcəklərmi? Yəqin ki, yox.

Axı bu azyaşlılara Novruz bayramını başqa cür təqdim etmək olardı. Novruzla bağlı o qədər maraqlı nəsnələr var ki. Yox, bu da mümkün deyil. Axı bayaq dedim, Abdullanı çürük cəmiyyət üçün hazırlamaq gərəkdi. Hər il İçərişəhərdə təntənəli şəkildə keçirilən Novruz şənliklərinin əsas qəhrəmanı da bu iylənmiş, üst-başı cındırın içində, eybəcər və sırtıq Kosa ilə Keçəl olur. Axı niyə? Hardan gəlib bu üzlü qonaqlar? Hardan gəlib giriblər ən gözəl bayramımızın ortasına. Biz axı niyə görə hər ilin başlanğıcını, gəlişini iylənmiş, üst-başı yırtıq-yamaqla dolu olan bu eybəcərlərlə qarşılamalıyıq?

Bax belə. Abdulla hələ birincidir. Amma qapısının ağzını bizi qocaldan suallar və problemlər kəsib. Çox çətindir yan keçmək. Yeddibaşlı Əjdaha kimi ağzını açıb, yollarımızı kəsən zadların övladlarımızı rahat buraxacağını heç də düşünmürdüm. Mən də buna zatən hazır idi.

AzNews.az