Yol polisi rüşvəti ayaqyolunda alırmış- Fotolar

3 Oktyabr 2013 09:08 (UTC+04:00)
Sentyabrın 28-i səhər saatlarında Lənkərandan Bakı istiqamətində hərəkət edərkən, idarə etdiyim avtomobil Cəlillabad rayonunun Göytəpə DYP postunda saxlanıldı. Əslində heç bir qayda pozuntusuna yol vermədiyimi bildiyimdəm, postda saxlanılacağımı düşünmürdüm. Çünki, son vaxtlar DYP əməkdaşlarının qayda pozuntusuna yol verməyən avtomobilləri, əksər hallarda saxlamadıqlarını da qeyd etməmək olmaz.

"Monitora düşmüsən!"

Amma stasionar postda sənədlərin yoxlanılması ilə bağlı da avtomobillər saxlanılır. Bu səbədən polisin işarəsindən sonra dayanıb sənədləri hazırladım və polis əmkdaşının yaxınlaşmasını gözlədim. Sir-sifətindən razılıq, yaxası az qala göbəyinə qədər açıq olan bir çavuş maşına yaxınlaşıb gözlərini mənə zillədi. Buna zarafatyana hərbi salam verib, özünü təqdim etməsinə işarə etdim. Dodaqaltı nəsə dedi və sonra saxlanılmağımın səbəbini soruşdum.

Polis az qala deyəcəkdi ki, "Lenini də sən öldürmüsən". Habelə məndən tələb etdi ki, "maşından düş ki, sənə nə boyda gunah etdiyini göstərim". Əlqərəz, sonradan adını öyrəndiyim Məmmədov Şahməmməd Rəhmət oğlu səbəbi dedi: "Monitora düşmüsən". Sonra öyrəndim ki, polis əməkdaşı radarı nəzərdə tuturmuş. Amma mən Lənkərandan bu posta qədər heç bir yerdə radar və ya YPX maşını ilə rastlaşmamışdım. Bu radar mənə çox təəccüblü gəldi. Etiraz etmədən sənədləri polisə təhvil verib, nə istəyirsə, yazmasını xahiş etdim. Digər xahişim isə həmin o hörmətli radarı mənə göstərmələri ilə bağlı oldu.

Rəhmət oğlu dedi ki, "qəti narahat olma, mutləq göstərəcəm". Amma mən də sürət həddini aşmadığıma əmin olduğumu polisin diqqətinə çatdırdım. Ailə ilə olduğum və sənədlərim qaydasında olduğu üçün, cəriməni və cərimə protakolunu ünvanıma göndərməyi də təklif etdim. Amma mən bir "səhv" də etmişdim. Polisə öncədən jurnalist olduğumu, qanuna tabe olduğumu, heç bir qanunsuz addıma getməyəcəyimi də demişdim. Çünki mən bir qədər sonra postda baş verənləri öncədən bilsəydim, bu qədər çənə-boğaz vurub əsəblərimi də korlamazdım.

Polislərlə "Kamaz" sürücülərinin "salamlaşması"

Protokol və sənədlərimin yolunu gözlədiyim müddətdə, postda müxtəlif minik avtomobillərinin saxlayaraq, ortalıqda var-gəl edən, 45-ə yaxın yaşı olan polis baş leytenatı ilə görüşdüklərini müşahidə edirdim. Onun yanında olan və xüsusi canfəşanlıq edən sarışın polis serjantına da salam verən az deyildi. Serjanta əsasən yük avtomobilləri, xüsusilə "KamAZ" sürücüləri salam verib gedirdilər. Salamlaşma məsələsi əməlli diqqətimi cəlb etdi. Baxıb gördüm ki, əslində salamverənlər bu qanun keşikçilərinə pul verirlər. Həm də elə bil öncədən razılaşdırılmış hansısa rəqəmdir, məbləğ də 5 manatdan çox deyildi. Çünki verilən əskinaslar manatlıqlar idi. Salamdan dərhal sonra polislərin əli cibə gedirdi. Məbləğə isə baxılmır. Bir sözlə, şıdırğı "salamlaşma" gedirdi.

Bu "salamlaşma" əməliyyatı radarla bağlı şübhələrimi bir qədər də artırdı. Artıq məndə belə bir əminlik yarandı ki, bu kişilərin radarı elə "salamlaşma" üçündür. Bu səbəbdən də sənədlərimi təhvil almağı gözləyən zaman, vaxtı hədər itirməyib, radarın quraşdırıldığı ünvana, radarın özünə, onun sertifikatına və müvafiq ərazidə quraşdırılmasına dair qərara da baxmaq kimi qanuni tələblərimi dilə gətirdim. Amma polis qardaşlar, az qala həmin radarın quraşdırıldığı yeri hərbi-strateji mövqe kimi gizli saxladılar. Əvəzində bir DYP avtomobilinə zəng edib onun içində olan bir kameraya bənzər qurğunu mənə nümayiş etdirdilər.

Sürücülərin qarınağrısına düşməsi

Ən maraqlı məqam isə odur ki, radarlı DYP avtomobili Lənkəran deyil, Bakı tərəfdən gəldi. Əslində isə o, Lənkəran tərəfdən gəlməli idi. Axı, guya mən orada radara düşmüşdüm. Əlqərəz, postun kənarına çəkilərək, bunların məndən başqa da kimsəyə protokol yazıb-yazmayacağını, habelə "salamlaşma" əməliyyatının daha nə qədər davam edəcəyini müşahidə etməyə başladım. Söz yox ki, məsələ ilə bağlı redaksiyaya, habelə Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə də zəng edərək əməkdaşlarının qanunsuz əməlləri barədə məlumat verdim. Habelə K.Əliyevə postda müşahidələrimi davam etdirdiyimi də bildirdim.

Açığı K.Əliyevlə söhbətdən sonra hər dəqiqə üstümə hucum çəkən sarışın serjant özünü yığışdırdı. Habelə, post da fəaliyyətini dayandırdı. Hamı içəri keçdi, təxminən iki saat ərzində postda bir nəfər olsun belə saxlanılmadı. Postda "mərdimazar" olduğundan xəbərsiz olan "Kamaz" və "Bakı-Lənkəran" marşrutu üzrə fərdi taksi xidməti göstərən avtomobillər isə dayanırdı. Nədənsə hamı posta daxil olan kimi "qarınağrısına" düşub tualetə gedirdi. Açığı tualetə girib orada "salamlaşma" əməliyyatının olub-olmadığını müəyyən etmədim. Amma tualetə gedib dərhal dönən sürücülərin məni şübhəli-şübhəli süzüb getmələrindən hər şey bəlli olurdu.

Nəhayət sonradan adını bildiyim baş leytenant mənə yaxınlaşdı. Bundan əvvəl də o, mənə bir neçə dəfə yaxınlaşmışdı və mənə qanundan və qanunvericilikdən xeyli leksiya da oxumuşdu. Baş leytenant Abdullayev İdman müəllimin üstümə son hucumu isə daha sərt oldu. Axı mən çox "insafsızlıq" edirdim. O qədər dost tanış "salam" vermədən keçirdi, "mərifətli" dostlar isə posta çatanda qarınağrısına düşürdülər.

Hətta sənədlərimi yazan və sonradan yazıq görkəm alam polis serjantı da gəlib kağız-kuğuzumu özümə qaytardı ki, "get, heç nə lazım deyil". Amma mən protokolu yazmalarını və protokolun yazılmasına dair sübutların da sənədə əlavə edilməsini təkid etdim. Sağ olsunlar ki, nəhayət protokol yazıldı və mən də etirazlarımı protokola əlavə etdim. Amma, bundan sonra da "salamlaşma" əməliyyatı və "radar"la bağlı şübhələrimi araşdırmaq fikrində qaldım. Bu isə polisləri çox hövsələdən çıxarırdı.

Rəisdən "dobro": "Ərazimizi tərk elə!"

İdman müəllim ilk oncə avtomobilimdəki ailə üzvlərimə qayğkeşlik nümayiş etdirdi. Onların yolda saxlanılmasını "kişi işi" hesab etmədi, sonra mənə də canı yandı, siqaret çəkməyimə irad bildirdi. Daha sonra rəhbərliklərindən burada çəkiliş aparmağım üçün icazə almağımı tələb etdi. Məm də dedim ki, belə bir icazəyə ehtiyac yoxdur, amma hər halda Kamran müəllimə zəng edib demişəm. Sarışın, yəqin ki, hüquq və qanunlar üzrə iki ali savadı olan serjant isə məni çox narahat edirdi. Mənim və avtomobilimin başına çox fırlanırdı, replikalarından da qalmırdı. Nədənsə baş leytenantdan da özünü səlahiyyətli aparırdı. Bu səbəbdən bir daha Kamran müəllimə zəng edərək, vəziyyəti ona izah etdim və dəstəyi İdman müəllimə ötürdüm. İdman müəlim dəstəyi alıb üzümə şər-böhtan yağdırmağa başladı. Daha sonra rərbərliyinin, yəqin ki, "dobrosu"nu alandan sonra dirəşdi ki, "postun ərazisini tərk elə". Dedim, bəs haradan müşahidə apara bilərəm, dedi ki, "100 metr məsafədən". Mən də belə etdim. Amma postdakı polislərin yaman narahat olduqlarını, posta VAZ 2104 markalı bir avtomobildə idmançı görkəmli 2-3 nəfərin bir neçə dəfə gəlib, bizi müşahidə etdiyini görüb, ərazini tərk etmək qərarına gəldim. Bu dəfə isə "mərdimazarın" ərazini tərk edib-etməməsini müəyyən etmək üçün bir YPX avtomobili düz Cəllilabadın çıxışına qədər məni müşayət etdi.

DYP rəhbərliyinə suallarım

Sonra Bakıya qədər də bir neçə səyar radarla rastaşdım. Düzdür, polis əməkdaşları ağacların dibində gizlənsələr də, kameraya oxşar qurğunun arxasnda özləri durmuşdular, uzaqdan görünməsə də, 100-150 metrdən "mövqeləri"ni görmək olurdu. Amma Göytəpə postunun radarı mənə sirr qaldı. Bu mövzuya isə yaxın günlərdə yenidən dönmək üçün məhz o cihazın axtarışına çıxacam.

Sözügedən protokolla bağlı isə hələlik DYP-nin yuxarı rəhbərliyinə, iddiam təmin edilməyəcəyi təqdirdə məhkəməyə baş vurmaq qərarındayam. Tələbim isə sadədir: Radar avtomobilimi çəkəndə dəqiq harada olub, radar Standartlaşma, Metereologiya və Patent üzrə Dövlət Komitəsindən sertifikat alıbmı, alıbsa, həmin qurğunun müvafiq əraziqə müvəqəti olsa belə, quraşdırılmasına dair yazılı əmr varmı? Habelə mən sözügedən ərazidə surət həddini məhdudlaşdıran işarə də görməmişəm. Yalnız yaşayış sahəsi olduğu üçün təxminən 60 sürətlə hərəkət etmişəm. Yəni, bu kimi detalları da sürücülük vəsiqəsini "tapış" - "tanış"la deyil, canıma əziyyət verib, biliyimlə aldığıma görə bilirəm.

İdrak Abbasov /Bizim yol qəzeti/