Jurnalist sərbəst buraxıldı - Yenilənib

3 Oktyabr 2013 11:08 (UTC+04:00)
"Turan"ın müxbiri Hafiz Babalı sərbəst buraxılıb. Aparıldığı Abşeron rayon Polis İdarəsində polis zabiti onun nə üçün saxlanması ilə maraqlanıb. Bunun cavabında jurnalisti saxlayan polis əməkdaşları H.Babalının çəkiliş apararaq onlara mane olduğunu bildirib.

Polis zabiti çəkiliş aparmağın onun işi olduğunu deyərək insident iştirakçılarının harda olması ilə maraqlanıb. Bu sualin cavabında polis əməkdaşları jurnalistin onları saxlamağa mane olduğunu iddia edib.
H.Babalı ilə qısa söhbətdən sonra o sərbəst buraxılıb.


***
12:40
"Turan" agentliyinin müxbiri Hafiz Babalı saxlanılıb. Məlumata görə, o, Masazır qəsəbəsində polisin avtomobil yolunu bağlamasına qarşı vətəndaşların etirazını işıqlandıran zaman saxlanılıb. Masazır qəsəbəsində yolun günlərdir təmir adı ilə bağlanması vətəndaşların narazılığına səbəb olub. Onlar yolun açılmasını tələb ediblər, vətəndaşlarla polis arasında insident yaranıb. Jurnalist isə baş verənləri çəkməyə başlayıb. Lakin polislər onun kamerasını, vəsiqəsini və eynəyini (H.Babalının görmə qabiliyyəti zəifdir) əlindən alıblar. Onu post-patrul xidmətinin 10 EM 475 dövlət nömrəli avtomobilinə əyləşdirərək, Abşeron Rayon Polis İdarəsinə aparıblar.

Elnur
AzNews.az