Qərib Məmmədov vətəndaşları qəbul etdi

3 Oktyabr 2013 11:05 (UTC+04:00)
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov oktyabrın 3-də Şamaxı şəhərində vətəndaşları qəbul edib.


Qəbulda Şamaxı, Qobustan, Ağsu, Kürdəmir, İsmayıllı rayonlarının vətəndaşları iştirak edib, onların şikayət və təklifləri dinlənilib.

Qəbul zamanı vətəndaşların bəzisi Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşaması ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qüsurlara yol verildiyi, qonşu torpaq mülkiyyətçiləri arasında yaranan torpaq-sərhəd mübahisələri, eləcə də həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı mövcud problemlər barədə müraciətlər edilib.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 60-a qədər vətəndaşın müraciətinə baxılıb. Müraciətlərdə qaldırılan məsələlərin həlli bilavasitə DTXK-ya aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə yerquruluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri komitənin kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınıb və komitənin müvafiq məktubları ilə aidiyyəti qurumlara ünvanlanıb.
Həmçinin bu barədə öz səlahiyyətlərinə dair işlərin qısa müddətdə icrası məqsədilə komitənin rayon və şəhər şöbələrinin müdirlərinə də rəsmi qaydada tapşırıqlar verilib.(apa)

AzNews.az