İbrahimbəyovdan Rusiya vətəndaşlığı ilə bağlı açıqlama

3 Oktyabr 2013 12:08 (UTC+04:00)
Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxmaq müraciətinə hələ də baxılmayıb.

O, oktyabrın 3-də "Media forum" saytına deyib ki, Rusiya prezidenti Vladimir Putin bu həftə vətəndaşlığa qəbulla bağlı fərman imzalasa da, vətəndaşlıqdan çıxmaq müraciətlərinə baxmayıb: "Vladimir Putinin oktyabrın 1-də imzaladığı fərman Rusiya vətəndaşlığı verməklə bağlıdır. Vətəndaşlıqdan çıxmaqla bağlı müraciətlərə baxılmayıb. O cümlədən mənim sənədlərimə. Sənədlərim hələ də Federal Miqrasiya Xidmətindədir".

Milli Şura sədri hesab edir ki, müraciətinə gec baxılmasında qeyri-adi heç nə yoxdur: "Bu, normal prosesdurdur, aylarla davam edir. Mən iyulda müraciət etmişəm. Rusiya vətəndaşlığından çıxmaqla bağlı sənədlərə adətən altı ay ərzində baxırlar".

İbrahimbəyovun sözlərinə görə, hələlik müraciətini və sənədlərini geri götürmək niyyətində deyil: "Buna Azərbaycandakı prezident seçkisindən sonra baxarıq. Hələ tam qərara gəlməmişəm".

Mərkəzi Seçki Komissiyası ötən ay İbrahimbəyovun Rusiya Federasiyası vətəndaşı olduğunu və son 10 ildə Azərbaycanda yaşamadığını əsas gətirərək prezidentliyə namizədliyini qeydə almayıb.

AzNews.az