Ölüm qara xəbər deyil, doğulmaq qara xəbərdi

3 Oktyabr 2013 12:13 (UTC+04:00)
Nəslikəsilmişlərin ahı


Sevgi olmasaydı, ayrılıq da olmayacaqdı, ustad.

Bütün ayrılanlar bir-birilərini sevənlərdi.

Hərdən elə bir təkliyə çəkilmək istəyirəm ki,

heç özüm də orda olmayım, ustad.

yəni nəslikəsilmiş nəhəng bir kimsəsizliyə.

yəni elə bir yerə ki,

əlimi atanda özümdən belə tuta bilməyim.

elə bir yerə ki,

minillik palıdı kökündən çıxarıb dişimi qurdalayım.

sevgilimi saçından asım qaranlıq mağaramdan.

amma... necə, nə cür, nə vaxt, kiminlə, niyə, nəyə görə, harda???

Göy üzündə yan-yana parlayan ulduzlar kimi yalqızıq, ustad

Xilasımız - qəfildən axıb getməkdi sonsuz naməlumluğa".

Ölüm hokmü çoxdan oxunub qəlbimizdə gizlədiyimiz ümidlərin.

Xoşbəxtliyimiz qara don geyinib əyninə.

Həyat köhnəlib, ustad. Yaşamaq üçün acı qəhqəhələrimizlə ona yamaq vurmalıyıq.

Yırtıq-söküyünü tikməliyik ki, üşütməsin ümidimizin meyitini ölüm küləyi.

Ustad, qayıqlar bir zamanlar dəniz olmaq arzusuyla yırğalanan meşələrdi.

Ölüm qara xəbər deyil, doğulmaq qara xəbərdi.

Bu gün can verən qocalar dünən xoşbəxt körpələrdi.


Ustad, mən zamanın dəyərini qolumdakı saatın bahalığı ilə ölçmürəm!

Hisslərin zəkanın uşaqlığı, siqaretin ümidsiz adamların

çəkdiyi tüstülü ah, içkinin nakam aşiqlərin nə vaxtsa tökdüyü

göz yaşı olduğuna inanıram.

Mən yalqızlara inanıram, məsələn, evimizin damında tək ayağı üstə dayanmış tənha leyləyə,

Onun tək ayağına.

Küləklər də bir gün əsdiyi yerə qayıdır, ustad

yəni geriyə əsir,

üşütdükləri adamlara, soyundurduqları ağaclara tələsir.

gördünüzmü, çoban itlərinin qoruduğu qoyunlar

onlardan hürməyi də öyrəndilər,

İndi qoyunlar da canavarın qarasına hürə-hürə mələşir.

Gecə düşür, ustad, qabığını gizlində dəyişən ilan kimi

əzablarımın əynini dəyişirəm.

üzümü də dünən güldüyüm yerdə saxladım.

kim bilir, bəlkə, bir də gülmədik.

yatırılmış üsyan kimi darmadağınam, ustad, bağışla!

sevdiklərim dağılıblar hər tərəfimə.

gecədir, sevginin yatmaq vaxtıdır.

divardakı saatın səsi

mənim divara dirənmiş zamanımın hıçqırıqlarıdır.

tənhalıq boş söhbətdir, yəni poetik xurafatdır,

bəlkə də, ilahi bir zarafatdır.

bütün tənhaların ikinciyə ehtiyacı var.

bu ehtiyac incəsənətin əbədi kredosudur, ustad

mənim yalnız "Bu" deyib sevdiyim qadın

Bəlkə də, kiminsə nifrət etdiyi əbədi "O"sudur, ustad!

Həqiqət isə, gözəl söylənmiş yalandır.

Allah insanın üstünə

yüz iyirmi dörd minlik peyğəmbər ordusuyla gəlib.

Yəni insanı işğal edib.

Ona inananlar,

yer üzünün vətən xainləridir!

Qaranlığın xeyirə, işığın şərə qalsın, ustad,

Qar altında qalan Xızır peyğəmbərin şeri


bir az gözlərindən danış,

kor idilər, açıldılar?

bir az əllərindən danış,

böyüyüb kimin oldular?

bir az yollarından danış,

səni hara apardılar?

bir az ürəyindən danış,

indi kimdi kirayədə?

danış, danış, qoy bilsinlər

biz əbədi qoşa yadıq.

bir az özümüzdən danış,

niyə axı

getdik, bir də qayıtmadıq?!(qafqazinfo)