Penitensiar xidmətdən AXCP fəalı ilə bağlı açıqlama

3 Oktyabr 2013 14:30 (UTC+04:00)
Xəbər verildiyi kimi, AXCP Gənclər Təşkilatının həbsdə olan üzvü Daşqın Məlikov partiya rəhbərliyinə ərizə yazıb, kütləvi informasiya vasitələrinə, Mətbuat Şurasına yazılı şəkildə müraciət edib, həmçinin yazılı bəyanatla çıxış edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən "Media forum" saytına verilən məlumata görə, ərizə və müraciətlərində, bəyanatında Daşqın Məlikov hazırda ölkədə gedən inkişafı gördüyünü, prezident İlham Əliyevin siyasətini dəstəklədiyini, bəyəndiyini, 9 oktyabr prezident seçkisində İlham Əliyevə səs verəcəyini vurğulayıb, buna görə də AXCP sıralarını tərk etdiyini diqqətə çatdırıb, eyni zamanda bir sıra məhbusların "Azadlıq" qəzetində dərc olunan fotoşəkilləri arasından öz fotosunun çıxarılmasını istəyib.

Şüvəlan təcridxanasında saxlanan Daşqın Məlikov yazdığı mətnlərdə bu fikrə özü gəldiyini qeyd edib.

Məsələ ilə bağlı "Media forum" saytı Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovla əlaqə saxlayıb.

Mehman Sadıqov deyib ki, sözügedən ərizə və müraciətlərin, bəyanatın yazılmasında Daşqın Məlikovun atası Əlisəfa Məlikov da iştirak edib və atası bunu həmin mətnlərin sonunda öz imzası ilə təsdiqləyib.

Mehman Sadıqov Daşqın Məlikovun ərizə və müraciətləri, bəyanatı könüllü yazdığını, ona heç bir təzyiq olmadığını vurğulayıb.

"Media forum" saytının "Bir qayda olaraq məhbusların müraciətləri vəkilləri vasitəsilə yayılır. Necə oldu ki, Daşqın Məlikovun ərizə və müraciətləri, bəyanatı Penitensiar Xidmət vasitəsilə yayıldı" sualına Mehman Sadıqov belə cavab verib: "Qanunvericiliyə əsasən, məhkum hər hansı müraciəti harasa göndərirsə, bu barədə müəssisə rəhbərliyinə məlumat verməlidir. Daşqın Məlikov da saxlandığı müəssisənin rəhbərliyinə müraciət edərək bildirib ki, belə bir ərizəsi, müraciətləri, bəyanatı var. O, müəssisə rəhbərliyindən ərizə və müraciətlərinin, bəyanatının KİV-də yayılmasına, o cümlədən Mətbuat Şurasına olan müraciətinin şuraya, AXCP sədri Əli Kərimliyə yazdığı ərizəsinin isə həmin partiyanın rəhbərliyinə çatdırılmasına yardım göstərilməsini xahiş edib".

Penitensiar Xidmətin şöbə rəisi bildirib ki, Mətbuat Şurasına olan müraciət və AXCP sədrinə yazılmış ərizə aidiyyəti üzrə şuranın və partiyanın rəhbərliyinə göndərilib.


AzNews.az