Telekanallarda aparılan monitorinqlərin nəticələri

3 Oktyabr 2013 15:18 (UTC+04:00)
Ölkənin televiziya və radiolarında Azərbaycan ədəbi dilinin istifadəsi ilə bağlı aparılan ilk monitorinqin ilkin nəticələri bəllidir.


"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış işçi qrupunun sədr müavini Həbib Zərbəliyev Trend-ə bildirib ki, monitorinq bütün respublika ərazisində yayımlanan televiziya və radiolarda aparılıb. Monitorinqlər telekanalların rəsmi xəbərləri, elmi-kütləvi proqramları və ictimai-siyasi verilişlərini əhatə edib.

Monitorinqlərin ilkin nəticəsi əsasında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) və İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) adəçəkilən proqramlarında Azərbaycan ədəbi dilinin istifadəsi ilə bağlı vəziyyətin yaxşı, özəl telekanallarda isə müəyyən nöqsanların olduğu üzə çıxıb.

H.Zərbəliyev bildirib ki, hazırda monitorinqin nəticələri araşdırılmaq üçün işçi qrupunun üzvlərinə təqdim edilib. Araşdırmalar əsasında diktorlar və veriliş aparıcıları üçün keçiriləcək treninqin proqramı tərtib ediləcək. Treninqlərin neçə gün davam edəcəyi proqram hazır olduqdan sonra müəyyən olunacaq.

İşçi qrupunun sədr müavininin sözlərinə görə, bundan sonra televiziyalarda bədii və digər proqramların monitorinqinin keçirilməsi planlaşdırılır. Eyni zamanda, şou-proqramların da monitorinqlərə cəlb edilməsi nəzərdə tutulur.

H.Zərbəliyev deyib ki, televiziyalarda digər proqramlarla müqayisədə şou-proqramlarda ədəbi dilin istifadəsi ilə bağlı daha çox nöqsanlara yol verilir: "Radiolarda isə vəziyyət televiziyalardan da pisdir. Çünki radiolarda rəsmi xəbərlər demək olar ki, az verilir. Burada, əsasən, şou-xarakterli verilişlər yayımlanır. Buna görə də radiolarda nöqsanlar çox olur".

AzNews.az