Yarım ton radioaktiv su okeana qarışdı - TƏHLÜKƏ

3 Oktyabr 2013 15:25 (UTC+04:00)
430 litr radioaktiv su Sakit Okeana qarışıb. Narahatlıq yaradan bu məlumat Tokio Elektrik Enerji Şirkətinin (TEPCO) yaydığı açıqlamada da əksini tapıb.

Açıqlamaya görə, daşma səbəbindən təxminən 430 litr radioaktiv su qoruyucu beton tankerdən sızaraq, Sakit Okeana tökülüb.

Sızıntını ilk olaraq stansiyaya nəzarət edən işçilər görüb. İşçilər tankerin başından su dolduğunu görərək, bu barədə dərhal məlumat veriblər. TEPCO sızıntının maneələr yanındakı xəndəklər vasitəsilə dənizə qarışma ehtimalını istisna etmir.

Qeyd edək ki, Fukuşimada son olaraq keçən ayın ortalarında Daiçi nüvə stansiyasındakı tankerlərdən radiasiyalı suyun sızdığı qeydə alınmışdı. Yaponiyanın şimal-şərqində 2011-ci il 11 martda meydana gələn 9 bal gücündəki zəlzələ və sunami Fukuşima stansiyasında radioaktiv sızıntıya səbəb olmuşdu. Bu, Çernobıldən 25 il sonra dünyanın ən böyük ikinci nüvə fəlakəti hesab edilir. Qəza nəticəsində bölgədən 160 min nəfər evakuasiya edilib.

Elman
AzNews.az