Azərbaycanlılar parlament qarşısında etiraz aksiyasına başladı

3 Oktyabr 2013 16:26 (UTC+04:00)
Bu dəqiqələrdə Avropada yaşayan azərbaycanlılar Brüsseldə Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirirlər.


Avropa Azərbaycanlıları Konqresindən Trend-ə verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması ilə bağlı Avropada yaşayan azərbaycanlıların narahatlığını Avropa parlamentarilərinin diqqətinə çatdırmaqdır.

Aksiyada münaqişə nəticəsində azərbaycanlılara qarşı törədilmiş soyqırım və terror aktları, bir milyondan çox soydaşımızın məcburi köçkünə çevrilməsi, Azərbaycan torpaqlarının 20 faizinin işğaldan azad edilməsi ilə bağlı şüarlar səsləndirilir.

Aksiyanın sonunda Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün Aİ tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq olunması, ümumiyyətlə, bütün dünya birliyinin bu problemə ədalətli qiymət verməsini tələb edən bəyanatın da qəbul olunacağı gözlənilir.
Aksiyada Avropada fəaliyyət göstərən bütün Azərbaycan diaspor təşkilatları iştirak edir.

Qeyd edək ki, etiraz aksiyasının keçirilməsi üçün şəhər meriyasından müvafiq icazə də alınıb.

AzNews.az