YAP-dan gənc siyasətçilər üçün yay məktəbi

27 İyul 2012 09:29 (UTC+04:00)
"Azərbaycanda ləyaqətli gənc nəsil formalaşıb. Azərbaycanın gələcəyi bu nəsillə bağlıdır. Bu gün əsası qoyulan ənənələrin həmin gənclər tərəfindən layiqincə həyata keçiriləcəyinə heç kimdə şübhə yoxdur"
"Qafqazinfo"nun verdiyi məlumata görə, bu sözləri Yeni Azərbaycan Partiyasının Oğuz rayonunda təşkil etdiyi gənc siyasətçilər üçün "Yay məktəbi"ndə iştirak edən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov jurnalistlərə müsahibəsində deyib: "Bizim gənclərlə olan bugünkü görüşümüz düşünürəm ki, kifayət qədər maraqlı keçib. Bu görüşdə apardığımız fikir mübadiləsi məni belə qənaətə gətirir ki, YAP-ın sıralarında ictimai-siyasi cəhətdən kifayət qədər fəal, yüksək intellektə malik gənclər toplaşmışlar. Bu gənclər Azərbaycan dövlətçiliyinə, Azərbaycan Prezidentinə, dövlətimizin başçısının həyata keçirdiyi siyasətə dərindən hörmət və inam hisləri ətrafında birləşib.
Biz bu görüşdə gənclərdə yüksək vətənpərvərlik duyğularının və hisslərinin bir daha şahidi olduq. Gənclərimizi, bir tərəfdən Azərbaycanın ictimai-siyasi inkişafı, ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsi maraqlandırır, digər tərəfdən, bu proseslər onlarda ciddi qürur və iftixar hissləri formalaşdırır. Gənclərimizin fəallığı Azərbaycanda ictimai-siyasi proseslərin müsbət məcrada inkişaf etməsinə öz töhfəsini verməkdədir.
Azərbaycan gəncliyi, xüsusilə də YAP sıralarında birləşmiş gənclərimiz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləməklə yanaşı, eyni zamanda, bu siyasətin həyata keçirilməsinə və uğurlar qazanmasına hər zaman hazır olduqlarını dəfələrlə bəyan etmişlər. Gənclərimizin yüksək ictimai fəallığı qarşıdan gələn prezident seçkilərində onların bu siyasi kampaniyanın yüksək fəallıq şəraitində keçməsinə böyük dəstək və töhfə verəcəyinə inamımızı daha da artırır".