İtkin düşən ana və qızından sevindirici xəbər- Foto

4 Oktyabr 2013 09:22 (UTC+04:00)
Balakən rayonunda itkin düşən ana və üç yaşlı qızı tapılaraq ailəsinə təhvil verilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Məlumata görə, Balakən RPŞ-nin əməliyyat-axtarış qrupunun keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də yaşadığı evdən naməlum istiqamətə gedərək bir daha geri qayıtmayan rayonun Qazbinə kənd sakini, 1986-cı il təvəllüdlü Fatma Vaqif qızı Abdullayeva və onun 3 yaşlı qızı Aytac Abdullayevanın İmişli rayonunun Qaradonlu kəndi ərazisində olduğu müəyyən edilib.

Fatma Abdullayeva və onun qızı Aytac Abdullayeva ötən gecə Balakən rayon PŞ-yə gətiriliblər. Aparılan sorğu nəticəsində məlum olub ki, Fatma Abdullayeva mobil telefon vasitəsi ilə İmişli rayonunun Hacıalmuradlı kənd sakini 1991-ci il təvəllüdlü Yusif Qaybəli oğlu Vəliyevlə tanış olub. F. Abdullayeva ailəsindən xəbərsiz sentyabr ayının 20-si evlənmək adı ilə Yusifin arxasınca İmişli rayonuna gedib. Bundan sonra Fatma qızı ilə birgə kənddə Elməddin adlı şəxsin evində kirayədə qalıb.

Qadından izahat alındıqdan sonra o, qızı Aytacla birlikdə ailəsinə təhvil verilib.

Qeyd edək ki, Fatma Abdullayeva həyat yoldaşı ilə aralarında yaşanan anlaşılmazlıqlara görə, valideynləri ilə birgə yaşayıb. Onun həyat yoldaşı hazırda Rusiyanın Mahaçqala şəhərində yaşayır. F. Abdullayevanın sentyabrın 19-da intihara cəhd etdiyi bildirilib. İntihar məqsədi ilə dərman preparatı qəbul edən qadın Balakən Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Vəziyyəti yüngül olduğu üçün elə həmin gecə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.


AzNews.az