Prezidentlə bağlı qanun layihəsi hazırlanır

4 Oktyabr 2013 10:50 (UTC+04:00)
Azərbaycan prezidentinin şərəf və ləyaqətinin qorunması haqqında qanun layihəsinin hazırlanmasına başlanılıb.

Layihə parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.

APA-nın məlumatına görə, bunu layihənin təşəbbüsçüsü, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

O qeyd edib ki, layihənin hazırlanmasına şəxsən özü rəhbərlik edir: "Bunun üçün biz Konstitusiyanın 106-cı maddəsini əsas götürmüşük. Artıq layihənin adı da rəsmi olaraq müəyyənləşib. Sənəd "Azərbaycan Respublikasının Prezidentinin şərəf və ləyaqətinin qorunması haqqında" qanun layihəsi adlanır".

Z.Əsgərov qeyd edib ki, qanun layihəsi yaxın zamanlarda işlənib qurtardıqdan sonra müəyyən ekspertizalardan keçəcək və payız sessiyasında müzakirəyə çıxarılacaq: "Buna çox ciddi ehtiyac var. Çünki prezidenti xalq seçir, ona ali səlahiyyətlər verilir. Ona görə də prezidentin şərəf və ləyaqətinin qorunması çox vacibdir. Nəzərə alaq ki, Konstitusiyanın 106-cı maddəsi də bunu tələb edir".

Qeyd edək ki, Milli Məclisin son iclasında Z.Əsgərov seçki kampaniyası ərəfəsində müəyyən qüvvələr tərəfindən ölkə başçısına qarşı yönəldilmiş təhqir və böhtanları əsas gətirərək, prezidentin hüquqi baxımdan qorunmasında boşluq olduğunu bildirib. O bununla bağlı xüsusi qanun layihəsinə ehtiyac olduğunu əsaslandıraraq qanun layihəsi hazırlanmasını təklif edib.

AzNews.az