Nazirlik araşdırma aparır- Foto

4 Oktyabr 2013 12:10 (UTC+04:00)
4 oktyabr 2013-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir Fizuli Ələkbərov tərəfindən Yasamal, Nərimanov, Binəqədi, Nəsimi, Suraxanı, Sabunçu, Xətai, Xaçmaz, Ağcabədi, Ağdaş, İmişli və Qobustan rayonları üzrə bir qrup vətəndaş qəbul olunaraq, onların özlərinin iştirakı ilə müraciətləri obyektiv və ədalətli şəkildə araşdırılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend-ə bildirilib.
Müraciətlərin araşdırılmasında vətəndaş cəmiyyətlərinin nümayəndələri də iştirak edib.

Vətəndaşların müraciətləri araşdırılarkən ayrı-ayrı vətəndaşların ünvanlı sosial yardımların təyinatı, əlillik dərəcələrinin verilməsi və reabilitasiya vasitələri ilə təmin olunması, əmək hüquqlarının bərpası, məşğulluğun təminatı və s. məsələlərlə bağlı qanunvericilik barədə məlumatsız olduqları müəyyən edilib və onlara hüquqi izahatlar verilib. Həmçinin, ayrı-ayrı vətəndaşlar zəruri sənədləri toplayaraq təqdim edə bilmədiklərinə görə onlara ünvanlı yardım, yaxud əlillik təyinatının aparılmasının mümkün olmadığı, bu səbəbdən onların şikayət xarakterli müraciətlər etdiyi məlum olub.

Bununla yanaşı, müraciətlərin bir qismində əksini tapan narazılıqların əsaslı olduğu, yerli strukturların bəzi əməkdaşları tərəfindən bir sıra hallarda vətəndaş müraciətlərinə biganə və səhlənkar münasibət göstərildiyi, belə halların, eyni zamanda bəzən vətəndaşa lazımı şəkildə izahat verilməməsinin vətəndaşların müxtəlif instansiyalara şikayət xarakterli müraciətlər etməsinə şərait yaratdığı müəyyən edilib.

Nazir Fizuli Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması, belə hallara yol vermiş əməkdaşlar barədə intizam tədbirlərinin davam etdirilməsi, hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli, özündən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan və dövlətin yardımına həqiqətən ehtiyacı olan, lakin bunun üçün zəruri sənədləri toplamaqda çətinlik çəkən vətəndaşlara bu sahədə mümkün köməkliklərin göstərilməsi və s. barədə müvafiq strukturlara tapşırıqlar verib.

Qeyd edək ki, 2013-cü ilin ötən dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə ümumilikdə 18 dəfə vətəndaş qəbulu həyata keçirilib, 760 nəfərə yaxın vətəndaş qəbul edilərək müraciətləri araşdırılıb. Həyata keçirilən belə tədbirlər nazirliyin fəaliyyət dairəsinə aid sahələrlə bağlı şikayət xarakterli müraciətlərin sayının azalması ilə nəticələnir.

AzNews.az