Anar Niftəliyev: “Əmin etdilər ki, əməliyyatda heç bir risk yoxdur”

4 Oktyabr 2013 13:00 (UTC+04:00)
"MediSina" Tibb Mərkəzinin baş həkimi Abbas Bağırov "Media forum" saytına müsahibəsində jurnalist Anar Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının ölümündən danışarkən deyib ki, adətən bədən çəkisi 100 kiloqramdan artıq olan insanlarda əməliyyat və yaxud da narkoz vurulma zamanı qəfil ölüm baş verirsə, emboliya (artıq çəki) şübhəsi yaranır: "Biz də emboliyadan şübhələnirik". (Baş həkim: "Peşmançılıq oldu, insan həyatı itirildi")

Elnarə Tofiqqızı sentyabrın 20-də Bakıdakı "MediSina" Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı keçinib. Tənqidçinin ölümü ilə bağlı cinayət işi başlanıb. Nəsimi Rayon Prokurorluğu işi Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə araşdırır.

Oktyabrın 4-də "Media forum" saytı Anar Niftəliyevdən açıqlama alıb. Anar Niftəliyev bildirib: "Əməliyyat ərəfəsində heç kim bizə deməyib ki, narkoz vurulan zaman bədən çəkisinə görə ölüm təhlükəsi yarana bilər. Bu artıq həkimlərin növbəti cinayətidir. Ailəmizə yaxın olan Fərəcullah İdrisov başda olmaqla həkimlərin hamısı bizi tam əmin etmişdi ki, əməliyyatda heç bir risk yoxdur. Mən hər 3 həkimdən hətta mində bir riskin olub-olmadığını soruşmuşam. Abbas Bağırov bu cür əməliyyatların 35-40 dəqiqə çəkdiyini deyir. Amma mənə əməliyyatın 20 dəqiqə çəkəcəyini demişdilər".

Anar Niftəliyev Fərəcullah İdrisovun əməliyyatdan imtina etmədiyini də qeyd edib: "Abbas Bağırovun söylədiyi tamamilə yanlışdır. Milli Onkologiya Mərkəzində şöbə müdiri öz nəzarəti və iştirakı ilə bu əməliyyatı aparmağı məsləhət bildi. Lakin biz əməliyyatdan imtina etdik. Çünki süd vəzindəki səpkinin sovrulma ehtimalı da var idi. Fərəcullah İdrisov bizə çox nahaq yerə əməliyyat etdirmədiyimizi söylədi. Məni inandırdı ki, bu əməliyyatın heç bir risk dərəcəsi yoxdur. Razı olsam, ən yüksək dərəcəli onkoloq və anestezioloq tapacağını, ən səviyyəli klinikada özünün iştirakı ilə əməliyyat etdirəcəyini söylədi. Fərəcullah İdrisovun əməliyyatda iştirak edəcəyi və əməliyyatın bütün məsuliyyətini öz üzərinə götürəcəyi təqdirdə əməliyyata razı olacağımı bildirdim. "MediSina" Tibb Mərkəzinə heç getməmişdim. O klinikanı tanımırdım".

Anar Niftəliyev əlavə edib ki, yoldaşının ölümünün səbəbi ilə bağlı ekspertizaya rəyi hələ açıqlanmayıb.

AzNews.az