Səhiyyə Nazirliyi iradlara cavab verdi

4 Oktyabr 2013 17:01 (UTC+04:00)
Səhiyyə Nazirliyi prezidentliyə namizədlərdən bəzilərinin İctimai Televiziya vasitəsilə yayımlanan seçkiqabağı çıxışlarında səhiyyə sahəsinə dair səsləndirdikləri fikirlərə münasibət bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda qeyd olunub ki, son günlərdə prezidentliyə namizədlərdən bəziləri İctimai Televiziya vasitəsilə yayımlanan seçkiqabağı çıxışlarında səhiyyə sahəsinə dair həqiqəti əks etdirməyən fikirlər səsləndirərək əhalidə yanlış fikir formalaşdırmaq niyyətlərini sərgiləyirlər. Bildirilib ki, son illər ölkənin bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də nailiyyətlər əldə edilib: "Səhiyyəyə büdcə vəsaitlərin artırılması və investisiya fondundan ayrılan vəsait respublikada aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılmasına imkan verib. İlk növbədə səhiyyənin prioritet sahələri üzrə, o cümlədən ana və uşaqların sağlamlığı, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. sahələrdə qəbul olunmuş dövlət proqramları, bu xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, xəstələrin dərmanla təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verib. Dərman xərclərinə 2013-cü ildə ayrılan təxminən 140 milyon manat məbləğində vəsaitin böyük hissəsi bu proqramlar çərçivəsində xəstələrin pulsuz dərman preparatları və tibbi ləvazimatlarla təchizatına sərf olunub. Nəticədə bütün xəstəliklər üzrə ölüm halları azalıb. Yalnız şəkərli diabet üzrə dövlət proqramı çərçivəsində görülən işlərin nəticəsində ölüm göstəricisi son 10 ildə hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib. Ölkədə diabetli xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test stripləri pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problemləri aradan qaldırılıb. Bu səbəbdən şəkərli diabet xəstələrinin tibb müəssisələrinə müraciəti artıb və onların qeydiyyata götürülərək müalicəyə cəlb olunması işi yaxşılaşdırılıb. Hazırda 180 minə yaxın diabetli xəstə pulsuz bu imkanlardan yararlanır".

Nazirlikdən verilən cavabda vurğulanır ki, çıxışlarda ölkədə şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların sayının artması və buna əsas səbəb kimi ölkəyə gətirilən keyfiyyətsiz qida məhsullarının olduğunun vurğulanması yanlışlıqdır: "Bildirilir ki, xroniki, qeyri-infeksion xəstəliklərdən hesab edilən "Şəkərli diabet" xəstəliyinin dünyada geniş miqyasda artımı ilə əlaqədar Dünya Səhiyyə Təşkilatı bu xəstəliyi qeyri-infeksion epidemiya kimi qiymətləndirib. ÜST-ün hesablamalarına əsasən hər bir ölkə əhalisinin 3-5% "Şəkərli diabet" xəstəliyindən əziyyət çəkir. Bundan əlavə onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə dövlət proqramı çərçivəsində bədxassəli şişlərlə mübarizə işində nəzərəçarpacaq irəliləyiş əldə olunub. Bu xəstələrin şiş əleyhinə preparatlarla təminatında uzun illərdən bəri mövcud olan problem əsasən aradan qaldırıb. Belə ki, 2006-2008-ci illərdə onkoloji xəstələr üçün müvafiq olaraq 14, 27, 37 adda kimya terapiyası dərmanları alınmışdırsa, hazırda bunların sayı 50-yə yaxındır. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərin aşkarlanması işi yaxşılaşıb və bununla bərabər bu xəstəlikdən ölüm göstəricisi aşağı düşüb. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri idi. Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 27, o cümlədən regionlarda 20 hemodializ mərkəzində 2000-dən artıq xəstə müalicə seansları alır və onlar müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. Uşaqlar arasında yoluxucu xəstəliklərin profilaktikası məqsədilə aparılan peyvəndlərlə hər il orta hesabla 500 min uşaq pulsuz peyvənd olunur. Bunun nəticəsidir ki, respublikada poliomielit, difteriya xəstəlikləri ləğv olunub, digərləri isə tək-tək hallarda baş verir. Vərəmlə mübarizədə ölkədə epidemioloji stabillik yaradılıb, bu xəstəlikdən ölüm halları 2,5 dəfə azalıb. Hazırda bütün bu xəstələrin dərmanla təchizatı dövlət hesabına təmin olunur".

Məlumatda qeyd olunub ki, səhiyyəyə ayrılan vəsaitinin bir hissəsi stasionar şəraitdə istifadə olunan ən vacib dərman preparatları və tibbi ləvazimatlarla təchizata sərf olunur. Dərman preparatları ilə təminata dair zəmanətli paketə daxil olan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısı genişləndirilərək 60-dan 183-ə çatdırılıb. Hər il 500 mindən çox stasionar müalicə alan xəstə dövlət vəsaiti hesabına pulsuz qida və dərman preparatları ilə təmin olunurlar. Təbii ki, qeyd olunan bu tədbirlər səhiyyə sahəsində böyük zəhmətin və səhiyyəyə ayrılan vəsaitin hesabına görülən işlərin yalnız bir hissəsini əks etdirir.

AzNews.az