İranda iki azərbaycanlı fəal həbs edildi

5 Oktyabr 2013 07:50 (UTC+04:00)
İranda iki nəfər azərbaycanlı fəal həbs edilib. APA-nın "Oyannews"a istinadən verdiyi məlumata görə, onlardan biri Əkbər Mühaciri, digəri isə Cavad Rəcəbzadədir.

C.Rəcəbzadə oktyabrın 1-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilsə də, hələlik onun harada saxlanılması ilə bağlı heç bir məlumat yoxdur. Ə. Mühaciri isə ETTELAAT əməkdaşları tərəfindən oktyabrın 3-də səhər saatlarında bankda tutularaq birillik həbs cəzasını çəkməsi üçün Təbriz şəhərinin mərkəzi həbsxanasına salınıb.

Qeyd edək ki, Ə. Mühaciri 2011-cu il avqustun 27-də Təbriz şəhərində İran hökumətinin Urmiya gölündəki ekoloji fəlakətə laqeyd münasibətinə etiraz olaraq keçirilmiş kütləvi aksiyalarda iştirak etdiyinə görə bir neçə fəalla birlikdə həbs edilib. Azərbaycanlı fəal həmin il noyabrın 19-da 300 milyon riyal məbləğində zəmanətə məhkəmə prosesinədək sərbəst buraxılıb. İctimai-asayişi pozmaq və milli təhlükəsizliyə xələl vurmaqda günahlandırılan Ə. Mühacir 2012-ci il yanvarın 7-də Təbriz İnqilab Məhkəməsində keçirilmiş prosesdə 4 ay qəti və 8 ay şərti olmaqla, 1 il azadlıqdan məhrum edilib. Hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamından isə məhkəmə ona bəraət verib.

Bundan əlavə, azərbaycanlı xanım fəal Fatimə Nəsirpur Təbriz İslami Azad Universitetindən xaric edilib. Ali təhsil müəssisəsində Politologiya fakültəsində təhsil alan azərbaycanlı xanım Təbriz İslami Azad Universitetinin "Arman" tələbə təşkilatının 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Azərbaycan qadını" adlı xüsusi dərgi nəşr etdiyinə görə hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandırılıb. F. Nəsirpur Mərənd İnqilab Məhkəməsi tərəfindən 6 il həbs cəzasına məhkum olunsa və Apellyasiya Məhkəməsi bu qərarı təsdiqləsə də, İran Ali Məhkəməsi bu hökmü ləğv edib.

AzNews.az