“15102 kilometr yol getdim” - Velosipedlə dünya turuna çıxan ilk azərbaycanlı

5 Oktyabr 2013 09:37 (UTC+04:00)
"Çinə çatanda cəmi 52 dollarım qalmışdı"


Bilsəydim, yola çoxdan çıxardım

Bir vətənə layiqli övlad olmaq istəyi, bir də dünyanı dolaşmaq arzusu onu rahat qoymadı. Dediyinə görə, bu istəklərini reallaşdırmaq üçün axtarışlara başlayanda bir kənd rayonunda fermer təsərrüfatı ilə məşğul idi. Ancaq indi o, dünya turuna çıxmağa, əzm və fədakarlığı ilə nümunə olmağa iddialıdır. Niyə də olmasın? Amerikanı da bir səyyah kəşf etmədimi? Söhbət bu ilin aprelində velosipedlə Bərdədən yola çıxan və Xəzərdən Sarı dənizə, Şirvanşahdan Çin Səddinə qədər məsafəni qət edib, 5 ölkədən keçib vətənə qayıdan Ramil Ziyadovdan gedir.

Həmin Ramil Ziyadovdan ki, indiyədək velosipeddən hətta öz təsərrüfatı daxilində də istifadə etməyib. Bu günlərdə ölkəyə qayıdan Ramil bu səyahəti boyunca ona informasiya dəstəyi verən AzNews.az-ın qonağı olub.

Səyahətimdən razıyam

- Alpinizmə çox böyük həvəsim vardı. Maraqlananda gördüm ki, öyrənmək, təlim keçmək lazımdır. Üstəlik baha başa gəlir. Ancaq velosiped həm ucuzdur, həm də dünyanı gəzirsən. Odur ki, hazırlıqlara başladım. Hazırlıqların əsas hissəsi bu sahədə məlumat toplamaq idi. Türkiyə velosipedçisi Gürkan Gəncə facebook-da dostluq yolladım. O da qəbul etdi. 2012-ci ildən 7 illik səyahətdə olan Gürkan Gənc bu işdə əsas müəllimim oldu. Mənə dedi ki, velosipedlə səyahətə çıxmaqda əsas şərt əzmkarlıq, bir də yolu, yolda olmağı sevməkdir. Mən də yolu sevirəm. Yollar uzandıqca uzanır, bitirmək olmur. Ancaq yolda olmaq, ayrı-ayrı yerlərdən keçmək çox gözəldir. Məşhur tayqanı, Sibiri velosipedlə dolaşmaq ayrı bir hissdir. Mən bu hissi yaşadım. Bu qədər gözəl bir hiss olduğunu anlamamışdım. Bilsəydim, yola çoxdan çıxardım. Ötən ilin oktyabrında velosiped aldım. Səyahətə Azərbaycan rayonlarından başladım. Nəhayət, Heydər Əliyevin 90 illiyinə həsr etdiyim "Mən fəxr edirəm ki, azərbaycanlıyam" adlanan bu layihəni reallaşdırmaq üçün bir marşrut müəyyənləşdirdim. Aprelin 9-da 5 ölkənin ərazisindən keçən həmin marşrut üzrə yola çıxdım. Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanda oldum. Çox yerdə bizi, bayrağımızı tanımırlar. Maraqlananları bacardığım qədər məlumatlandırırdım. İnkişafımız, ənənələrimiz barədə məlumatlar verirdim. Bilməyənlərə xəritədə ölkəmizi göstərirdim. Mən bu səyahətimdən razıyam. Layihə ilə Azərbaycan əsgərinin əzmini göstərdim. Hər halda millətimin fəth etmək, bayrağını tanıtmaq kimi xüsusiyyətlərindən irəli gəlirdi bu həvəsim. Mənim qəhrəmanlarım "Mən fəxr edirəm ki, azərbaycanlıyam" adı verdim layihəyə. Çünki məqsədimi tamamilə ifadə edirdi. Heydər Əliyevin 90 illiyinə həsr etdim. Çünki ümummilli lider mənim kumirimdi. Millətini tanıtmaq, bayrağını ucalara qaldırmaq onun adı ilə bağlıdır. Mən də istəyirdim ki, hamı azərbaycanlıların problemini bilsin. Bunu bir vətəndaş olaraq həvəsində olduğum işi görməklə reallaşdıra bilərdim. Həm səyahət edirəm, həm də ölkəmi tanımayanlara onu tanıdıram. Bütün layihəni Heydər Əliyevə həsr etdim. Marşrut üzrə ən çətin mərhələləri isə Azərbaycanın milli qəhrəmanlarının adı ilə bağladım. Məsələn, səyahətə Rusiyadan başladım. Rusiya ərazisindən keçən ilk mərhələni erməni terrorçusunun başını kəsən qəhrəman İbadın adı ilə bağladım. Özbəkistan və Qazaxıstan ərazisində Mübariz İbrahimovun şərəfinə pedal fırladım. İrkuts-Xabarovsk ərazisini Çingiz Mustafayevə, Pekini isə Qarabağ müharibəsində əfsanəyə çevrilən, 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək döyüş meydanında həlak olan Albert Aqarunova həsr etdim.

Plan dəyişdi

- Buradan çıxanda müəyyənləşdirdiyim marşrut üzrə 13 700 kilometr məsafə qət edəcəyimi planlaşdırmışdım. Bilirsiniz ki, bu layihənin Yaponiya ilə yekunlaşacağı nəzərdə tutulurdu. Ancaq səyahətin sonunda Yaponiyaya deyil, Çinə getdim. Bununla da getdiyim məsafə də artdı, xərcim də. İlk səyahətim olduğu üçün texniki məsələləri həll etməmişdim. Elə düşünmüşdüm ki, Yaponiyaya vizanı istənilən səfirlikdən ala bilərəm. Bir yanlışım səfər marşrutunu tam fərqli istiqamətdə davam etdirməyimə və yekunlaşdırmağıma səbəb oldu. Buna baxmayaraq, plan dəyişikliyindən məmnunam. Düzdür, Yaponiyanı görməyi çox arzulayırdım. Daha çox Fuji dağına qalxmaq istəyirdim. Ancaq marşrutun dəyişməsi ilə gördüklərim görə biləcəklərimdən daha çox oldu.

Dünyanın 7 möcüzəsindən birini – Çin səddini gördüm. Təcrübə topladım. Çatışmazlıqları öyrəndim. Düşünürəm ki, bu təcrübə növbəti layihələrimdə mənə yardımçı olacaq. İlk səyahət marşrutunu dəyişməyimin başqa səbəbi də vəsaitlə bağlı idi. Çinə çatanda kartda cəmi 52 dollarım qalmışdı. Yaponiya isə kifayət qədər bahalı ölkədir. Düzdür, Yaponiyaya gedə bilməyəcəyimi qəbul etmək çətin oldu. Ruhdan düşmüşdüm. Artıq pedallamaq istəmirdim. Buna baxmayaraq, itirmədim. Əksinə, Çinə getməklə görmək şansı qazandığım gözəlliklər Yaponiyada görəcəklərimdən daha çox oldu.

Xəbərsiz yola çıxan səyyah öz kisəsindən xərcləyir?

- Bu səyahətə öz arzumla, öz vəsaitimlə çıxdım. Ümumilikdə 15102 kilometr yol qət etdim. Şəxsi təsərrüfatımda qazandıqlarımı da elə bu yolda qoydum. Səyahətə və macəralara həvəsim məni kənddə oturmağa qoymadı. "Dəmir atım"la tanışlığım səyahət həvəsinə düşəndən sonra başladı. Baxdım ki, velosipedə minib qonşu ölkəyə gedən 1 azərbaycanlı belə yoxdur. Odur ki, bu sahədə ilk olmaq istədim və dərhal gedib bir velosiped aldım. Səyahət boyu əsasən öz vəsaitimi xərclədim. Lakin Pekinə çatanda pulum tamamilə qurtardı. Bu məsələdə mənə səfirliyimiz kömək etdi. Səfirliyimizə təşəkkür edirəm. Ümumiyyətlə, sponsor problemi var. Növbəti layihələr də düşünürəm və bunun üçün də sponsor yoxdur. Öz təsərrüfatımın gəliri ilə gedib gəldim. Səyahətimdə avadanlıqlar sarıdan əziyyət çəkdim. Bəzi detallar tapılmır, bəziləri bahalıdır və s. Buna baxmayaraq bəşər övladı edibsə, mən də öhdəsindən gələrəm. Elə buna görə də, qışda yenə getməyi planlaşdırıram. Yaponiyanı da, hətta Amerikanı da görmək istəyirəm. Pul olarsa, 7 illik səyahətə, hətta dünya turuna çıxaram. Bu qış yenidən Rusiyaya istiqamət götürəcəm. Rus qışını görmək və yaşamaq istəyirəm. Yanvarda 2 illik yeni tura başlayacam. Bu layihə Avropa, Asiya, Afrikanı əhatə edəcək. Gürcüstan, Rusiya, Belorusiya, Ukrayna, Moldova, Türkiyə, İran və Ərəbistandan keçib Afrikaya getmək istəyirəm. Həmin marşrut üzrə bəzi tərəddüdlərim də var. Afrikanın şimalından, yoxsa cənubundan keçəcəyimə qərar verməmişəm. Viktoriya şəlaləsini mütləq görmək istəyirəm. Növbəti səyahətimin də əsas qayəsi Azərbaycan olacaq. Ölkəmi yeni marşrut üzrə getdiyim ölkələrdə tanıtmağa çalışacam. Bu səyahəti mütləq reallaşdıracam. Sponsor tapmasam, bu dəfə də öz təsərrüfatımın hesabına gedəcəm. Şüarım isə belə olacaq: "Azərbaycan qılıncı rus qışını kəsdi". Bu da asan məsələ deyil. Rus qışını "kəsmək" üçün Xınalıq və Şahdağda təlim keçəcəm. Noyabr ayını gözləyirəm ki, soyuqlar düşsün. Yeni layihə üçün yeniliklər də düşünürəm. İstəyirəm alpinizmlə də məşğul olum.

Yaşanası ölkə yoxdur

- Vətənimi onsuz da heç bir ölkə ilə dəyişmərəm. Hara getsəm, məqsədim sadəcə səyahət etmək, çox gəzib çox görmək, ölkəm barədə daha çox insanın öyrənməsinə çalışmaqdır. Gördüyüm 5 ölkədən sonra hesab edirəm ki, yaşamaq üçün hamısından vətən yaxşıdır. Getdiyim ölkələrdə sosial durumu özlüyümdə təhlil etdim. Fikrimcə, Azərbaycanda vəziyyət olduğum ölkələrin hamısından yaxşıdır. Bizə münasibət baxımından da fərqli mövqe müşahidə etdim. Türk dövlətləri içərisində bizə ən yaxın münasibət Özbəkistanda hiss olunur. Olduğum ölkələrin hamısı türkdilli dövlətlər idi. Onlarla aramızda hər hansı ciddi fərq görmədim. Nəinki milli, dini yaxınlığı olan dövlətlər, elə Rusiyada da mədəni qarşılandım. Rusiya telekanalları səyahətimə çox diqqət göstərdi. Azərbaycandan aldığım dəstək də bu səyahət boyunca mənə çox böyük ilham verdi. Bu işdə tək də olmadığımı anladım. Mənim veloturu ilk işıqlandıran Aidə xanım Eyvazova oldu. Ona çox təşəkkür edirəm. AzNews.az yolboyu mənə informasiya dəstəyi verdi. Bütün mətbuata mənim səyahətimi işıqlandırdığına görə minnətdarlığımı bildirirəm. Diplomatlara, səfirlərimizə, xüsusən, Özbəkistanda olan diplomatlarımıza minnətdaram.

Məni saxlamaq olar?

Hər çətinlikdə arzularımı düşündüm. Ortaya bir əngəl çıxanda onu aşmaq üçün himnimizi oxuyur, bayrağımıza və "dəmir atıma" baxıb özümdə yenidən güc tapırdım. Nəyin bahasına olursa, olsun bu layihəni başladığım kimi də başa vurmalı idim. Qazaxıstan çöllərini keçdim, Özbəkistan istisini hiss etdim, Rusiyanın tayqasını, Sibirini, Çin səddini ilk azərbaycanlı olaraq velosipedlə keçdim. Gəzdim, gördüm. Bundan sonra məni saxlamaq olar? Azərbaycan rüzgarı bütün dünyada əsəcək! Macəra dolu bu ürək Azərbaycan üçün çırpınacaq.

Ruhiyyə
AzNews.az