Xo Şi Minin silahdaşı, ordu generalı Vo Nquen Ziap öldü

5 Oktyabr 2013 20:14 (UTC+04:00)
Vyetnam lideri Xo Şi Minin silahdaşı, ordu generalı Vo Nquen Ziap 102 yaşında dünyasını dəyişdi. Bu barədə ANS PRESS Vyetnam hökumətində olan mənbəyə istinadən bildirir.

Ziap əvvəlcə məktəbdə müəllim olub, amma 1941-ci ildə Vyetmin hərbi-siyasi təşkilatına daxil olur və Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparır, daha sonra isə qoşunların hücumlarına rəhbərlik edir. Çağdaş dünyada asiyalı sərkərdənin qərb tipli orduya qalib gəlməsinin ilk presedenti olub. 1946-cı ildə Ziap Vyetnam Demokratik Respublikasının (VDR) daxili işlər naziri seçilib. Daha sonra müdafiə naziri olub və 1957-1975-ci illərdə Amerika qoşunlarına qarşı müharibədə fəal iştirak edib. Əsas əməliyyatlar onun rəhbərliyi altında planlaşdırılıb və həyata keçib. Müharibəni sona çatdıran Sayqon hücumları zamanı orada olmasa da VDR hökumətinin başçısı Fam Van Donq onu qələbənin memarı sayıb.

1982-ci ildə siyasi bürodan gedib və təsirini itirməyə başlayıb. 1991-ci ildə bütün vəzifələrdən çıxarılıb. Həyatının son illərini qapalı keçirib. Hərbi nəzəriyyə barədə bir neçə kitabın müəllifidir.(ANS PRESS)