Əflatun Amaşov: “Elnarə Tofiqqızının ölümündə günahkar olanlar cəzalanmasa...“

5 Oktyabr 2013 20:56 (UTC+04:00)
Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov jurnalist Anar Niftəliyevin həyat yoldaşı Elnarə Tofiqqızının ölümü ilə bağlı prezident İlham Əliyevə müraciət etməsi məsələsinə münasibət bildirib.

MŞ-nın sədri Ə.Amaşov Publika.Az-a açıqlamasında deyib ki, A.Niftəliyevin həyat yoldaşının ölümü ilə bağlı məsələ artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır: "Bu məsələni jurnalistika ilə bağlamaq düzgün deyil və bunu onların özləri də bağlamırlar. Bu, tamam başqa müstəvidə olan məqamdır. Əgər kimsə onun həyat yoldaşının jurnalist olması ilə bağlayırsa, bu kökündən səhvdir. Ümumiyyətlə, bu cür məsələlər çox ciddi araşdırılmalıdır və ölümün dəqiq səbəbi bilinməlidir ki, gələcəkdə də oxşar hadisələr baş verməsin. Anar Niftəliyevin həyat yoldaşı cavan insan idi, ancaq həyatdan köçdü. İndi bu kimin günahıdır? Nə səbəbdən baş verib? Bu kimi məsələlər düzgün hüquqi qiymətini almasa və günahkar cəzalanmasa, o zaman növbəti dəfə də bu kimi hallar ola bilər".

Jurnalist A.Niftəliyevin müraciətinin prezidentə çatıb-çatmaması məsələsinə də toxunan Ə.Amaşov müraciətə cavab verilməsindən hələlik xəbərsiz olduğunu söyləyib: "Əgər cənab prezidentə müracət olunubsa, əlbəttə ki, bu müsbət həll oluna bilər. Digər tərəfdən isə hüquq-mühafizə orqanları da çalışır ki, bu cür hadisələr təkrar baş verməsin".


Xatırladaq ki, jurnalist Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiqqızının ölümü ilə bağlı prezident İlham Əliyevə müraciət edib. Jurnalist A.Niftəliyev prezidentə ünvanladığı məktubda sentyabrın 20-də "Medi Sina" klinikasında əməliyyat zamanı həyat yoldaşı Elnarə Niftəliyevanın (Tofiqqızı) həkim səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində həyatını itirdiyini qeyd edib.

AzNews.az