Respondentlərin 79,9 faizi İlham Əliyevi dəstəkləyir

7 Oktyabr 2013 08:30 (UTC+04:00)
Fransanın "OpinionWay" Tədqiqatlar İnstitutu oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiöncəsi vəziyyətin öyrənilməsi məqsədilə 1000 nəfər arasında ictimai rəy sorğusu keçirib.

Trend-in məlumatına görə, "Əgər seçkilər bu gün keçirilsəydi siz kimə səs verərdiniz?" sualına cavabında rəyi soruşulanların 79,9 faizi Prezident İlham Əliyevin, 7,8 faizi Cəmil Həsənlinin, 1,5 faizi Qüdrət Həsənquliyevin, 0,6 faizi İqbal Ağazadənin, 0,3 faizi Zahid Orucun, 0,2 faizi İlyas İsmayılovun, 0,2 faizi Araz Əlizadənin, 0,2 faizi Sərdar Məmmədovun, 0,1 faizi Hafiz Hacıyevin, 0 faizi Fərəc Quliyevin namizədliyini dəstəklədiyini bildirib. Rəyi soruşulanların 9,2 faizi isə "bilmirəm" cavabını verib.

Respondentlərin 56,2 faizi Azərbaycan iqtisadiyyatının vəziyyətinin yaxşılaşdığını, 26,7 faizi dəyişməz qaldığını, 12,5 faizi pisləşdiyini bildirmiş, 4,6 faizi rəy bildirməkdə çətinlik çəkib.

Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1000 nəfər iştirak edib.

Qeyd edək ki, prezident seçkilərinin şəffaf, azad, ədalətli və dünyada qəbul olunan demokratik standartlara uyğun şəkildə keçirilməsinə yardım göstərilməsi məqsədilə Azad Azərbaycan" Müstəqil Teleradio Şirkəti Fransada fəaliyyət göstərən "OpinionWay" Tədqiqatlar İnstitutunu "exit-poll" keçirilməsi üçün dəvət edib. Bu ilin iyul ayının əvvəlindən "OpinionWay" Tədqiqatlar İnstitutu ilə danışıqlara start verilib və avqust ayının sonunda tərəflər arasında müqavilə imzalanıb.

"OpinionWay" Tədqiqatlar İnstitutu səsvermə günü 64 dairə ərazisində 99 məntəqədə "exit-poll" keçirəcək.

AzNews.az