Diaspor təşkilatlarımız vahid qurumda birləşdi

7 Oktyabr 2013 09:14 (UTC+04:00)
Ukraynada fəaliyyət göstərən regional azərbaycanlı diaspor təşkilatları birləşərək keçmiş Ukrayna Azərbaycanlıları Konqresinin əsasında yeni Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) yaradılmasını rəsmən elan ediblər.

BUAK-dan APA-ya verilən məlumata görə, təşkilat oktyabrın 5-də Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin, Ukrayna Yəhudiləri Konqresinin, Ukrayna Türk Xalqları Konqresinin, Ukrayna regional diaspor rəhbərlərinin, müxtəlif millətlərdən olan yerli deputatların və ictimai xadimlərin iştirakı ilə təşkil edilən konfransda elan olunub.

BUAK vaxtilə keçmiş Ukrayna Azərbaycanlıları Konqresində (UAK) toplaşan 20-yə yaxın regiondan və yeni yaradılmış, azərbaycanlılardan ibarət diaspor təşkilatların birləşməsindən yaranıb. Əvvəllər UAK-a müvəqqəti rəhbərlik edən Rövşən Tağıyev yeni təşkilatın sədri seçilib. Təşkilat Ukrayna Ədliyyə Nazirliyində qeydə alınıb.

Səfir Eynulla Mədətli konfransda çıxış edərək yeni təşkilata fəaliyyətində uğurlar arzulayıb və bildirib ki, son illər rəsmi durumunda problem yaranmış UAK-dan sonra yaranan BUAK bu boşluğu layiqincə dolduracaq. O, diasporun Azərbaycanla Ukrayna arasında əlaqələrdə mühüm rol oynayacağını söyləyib. Türk Xalqları Konqresinin sədri Timur Masautov, Ukrayna Yəhudiləri Konqresinin sədri Arkadi Monastırski, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə təmsilçisi Firudin Məmmədov, "Qubernator" jurnalının baş redaktoru Boqdan Bileyçuk, Dnepropetrovsk Vilayət Şurasının deputatı Fəxrəddin Muxtarov və digərləri çıxış edərək Azərbaycan – Ukrayna əlaqələrində diasporun rolundan danışıblar. Onlar yeni təşkilatda birləşən şəxslərin bundan əvvəl olduğu kimi, bundan sonra Azərbaycan dövlətinin və hakimiyyətinin ətrafında sıx birləşəcəyinə ümidvar olduqlarını bildiriblər.

BUAK sədri R. Tağıyev də çıxış edərək xatırladıb ki, məhz Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Rusiyadan sonra ən çox azərbaycanlıların yaşadığı ikinci MDB dövləti olan Ukraynada dünyada ilk vahid azərbaycanlılar konqresi yaranıb və hazırkı diaspor fəaliyyəti də o ənənənin davamıdır.

AzNews.az