BQXK Qazaxdakı partlayışla bağlı danışıqlara başlayıb

7 Oktyabr 2013 11:53 (UTC+04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisə ilə bağlı danışıqlara başlayıb.

BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, baş vermiş hadisə ilə bağlı BQXK artıq məlumatlıdır: "Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşları hadisə baş verən Qazax rayonuna gediblər. Baş vermiş hadisə ilə bağlı komitə tərəfindən hər iki ölkənin rəsmi qurumları ilə danışıqlar aparılır".

Qeyd edək ki, oktyabrın 6-da saat 10.30 radələrində Qazax rayonunun Quşçu Ayrım kənd sakini Vəzir Əliyev, Alpoud kənd sakini Xəqani Məhərrəmov və rayon sakini Əli Əliyev itmiş mal-qaralarını axtarmaq məqsədilə işğal olunmuş Aşağı Əksipara kəndinin ərazisinə keçiblər və orada minaya düşüblər.

Baş vermiş partlayış nəticəsində Ə. Əliyev ölüb və meyiti həmin ərazidə qalıb, xəsarət alan X. Məhərrəmov və V. Əliyev isə xəstəxanaya yerləşdiriliblər.

AzNews.az