Ata adının verilmə qaydaları dəyişdi

8 Oktyabr 2013 10:30 (UTC+04:00)
Nazirlər Kabineti "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nda dəyişiklik edib.


Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədə göstərilən məlumatlarla bağlıdır.

Ərizədə qeyd edilən "hərbi uçot yeri" sözləri "hərbi qeydiyyat" sözləri ilə əvəz edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) müəyyən olunmuş hallarda yol verilir. Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir. Ərizə iki nüsxədə təqdim olunur. Nüsxələrdən birinin üzərində ərizənin qəbul edilməsinə dair qeyd aparılır və o, ərizə verən şəxsə qaytarılır. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədə ərizə verən şəxsin soyadı, adı, atasının adı adını, ata adını və ya soyadını dəyişdirmək istəyi, daşımaq istədiyi ad, ata adı və soyad, doğulduğu tarix və yer, milliyyəti və vətəndaşlığı, yaşayış və iş yeri, vəzifəsi, əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada, ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumat (kimlə nikah bağlanıb və ya pozulub, nə vaxt və harada), övladları(soyadı, adı, atasının adı, doğulduğu tarix və yer), xarici ölkələrdən deportasiya olunubsa, hansı ölkədən, nə vaxt çıxarılması, şəxsiyyətini təsdiq edən sənəd (seriyası, nömrəsi və verilmə tarixi), o cümlədən hərbi qeydiyyatı barədə məlumat əksini tapacaq.


AzNews.az