TQDK imtahanlarla bağlı dəyişiklikləri açıqladı

8 Oktyabr 2013 12:47 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edilməsini nəzərdə tutub. Xatırladırıq ki, həmin dəyişikliklər yalnız texniki xarakterlidir və qəbul imtahanlarının məzmununa aid deyil. Belə ki, gələn il həyata keçiriləcək qəbul kampaniyası zamanı əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının aprel ayında keçirilməsi nəzərdə tutulur.

TQDK-dan verilən məlumata görə, həmin ilin məzunları isə, yəni orta məktəbi 2014-cü ildə bitirənlər qəbul imtahanlarını həmişəki kimi iyul ayında verəcəklər. Ali təhsil müəssisələrini 2014-cü ildə bitirib ikinci ali təhsil almaq istəyən məzunlar, həmçinin həmin ildə orta ixtisas təhsil müəssisələrini bitirib ali təhsil almaq istəyən məzunlar da qəbul imtahanlarını iyul ayında verəcəklər.

Həm əvvəlki illərin , həm də orta məktəblərin 2014-cü il məzunları ixtisas seçimini eyni vaxtda – ali təhsil müəssisələrinə bütün qəbul imtahanları başa çatdıqdan sonra edəcəklər.

Digər nəzərdə tutulan yenilik isə 9 illik təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri ilə eyni zamanda orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) yerləşdirmənin aparılmasıdır. Yəni bu imtahan 9-cu sinfi bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolu oynayacaqdır. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək.

Orta ixtisas təhsil müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək.

2014-cü ildə buraxılış imtahanları yenə də Ana dili və riyaziyyat fənlərindən olacaq. 2015-ci ildən isə şagirdlər Ana dili və riyaziyyat fənləri ilə yanaşı əlavə 3 fəndən də imtahan verəcəklər. Bu zaman şagirdlər imtahan verəcəkləri digər 3 fənni onlara təqdim olunacaq fənlər içərisindən özləri seçəcəklər.

Qeyd olunan məsələlərlə bağlı daha ətraflı məlumatlar nəzərdə tutulan yeniliklərə dair qərarlar müvafiq hüquqi qüvvəyə malik olduqda təqdim olunacaq.

Elnarə
AzNews.az