Nazir Avropa Parlamentinin nümayəndələrini qəbul etdi - FOTO

8 Oktyabr 2013 14:10 (UTC+04:00)
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Pino Arlaçinin başçılıq etdiyi Avropa Parlamenti nümayəndə heyətini qəbul edib.

XİN mətbuat xidmətindən daxil olan məlumata görə, görüşdə Azərbaycanla Avropa qurumları, o cümlədən Avropa Parlamenti arasında qurulmuş əməkdaşlığın əhəmiyyəti qeyd olunub və əlaqələrin daha da inkişaf etdirilməsi üçün aparılan danışıqların hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi və seçki müşahidəçilərin fəaliyyəti üçün yaradılmış şərait müzakirə olunub.

Nazir E.Məmmədyarov qonaqlara Azərbaycanın əsas makro iqtisadi göstəriciləri, əldə edilmiş iqtisadi və siyasi sabitlik, həyata keçirilmiş iri layihələr və ölkəmizin regionun inkişafına verdiyi töhfələr barədə məlumat verib. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir hazırkı status-kvonun qəbul edilməz olduğunu, münaqişənin nizamlanma prosesində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini xüsusi vurğulayıb.

Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri Pino Arlaçi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində Avropa Parlamentinin daha yaxından iştirakına tərəfdar olduqlarını bildirib.

AzNews.az