Məzahir Pənahov: “Polis qoyulan tələblərdən kənara çıxmamalıdır”

8 Oktyabr 2013 15:08 (UTC+04:00)
"Əvvəlki illərdən fərqli olaraq, yerli icra orqanlarının bəzi əməkdaşlarının seçkiyə müdaxiləsi halları haqda Mərkəzi Seçki Komissiyasına şikayət daxil olmayıb. Bununla bağlı beynəlxalq təşkilatlardan da həmin məsələ ilə əlaqədar narahatlıq ifadə olunmayıb".

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi brifinqdə deyib.

O bildirib ki, əvvəlki seçkilərdə bəzi yerli icra strukturlarının əməkdaşlarının vəzifələrindən sui-istifadə halları olub. Dövlət başçısının tapşırığı ilə bu hallar araşdırılıb və həmin şəxslər cəzalandırılıb.

M.Pənahov qeyd edib ki, ötən seçkilərlə müqayisədə həm də polisin fəaliyyətinə heç bir irad olmayıb: "Polis əməkdaşları bundan arxayınlaşmamalıdır. Sabah seçki günüdür. Onlar Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq öz vəzifəsinin öhdəsindən gəlməli və yerinə yetirməlidirlər. Mən çox arzulayıram ki, sabahkı seçkilərdən sonra da Azərbaycan polisinə təşəkkür edək. Asayişin qorunması polisin vəzifəsidir və onlar qoyulan tələblərdən kənar çıxmamalıdır. Biz ümid edirik ki, bu belə də olacaq".


AzNews.az