Zəvvarların səs verməsi üçün məntəqə hazırlandı

8 Oktyabr 2013 16:50 (UTC+04:00)
Ziyarətdə olan azərbaycanlı zəvvarların səs verməsi üçün yaradılan məntəqədə hazırlıq işləri başa çatdırılıb.

QMİ-nin Məkkədə olan nümayəndə heyətindən APA-ya verilən məlumata görə, səsvermə məntəqəsi Səudiyyə Ərəbistanın ən böyük oteli olan "Ənnuzha" otelində yaradılıb.

Artıq seçki bülletenləri və seçki qutusu məntəqəyə çatdırılıb, məntəqə səsvermə üçün tam hazır vəziyyətə gətirib. Seçki prosesinə Mərkəzi Seçki Komissiyasının Məkkədə olan səlahiyyətli nümayəndəsi Ramin Nurəliyev nəzarət edir.

Qeyd edək ki, ziyarətin təşkilatçısı olan QMİ-nin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti də Məkkədədir və seçkilərin keçirilməsi ilə bağlı işlərin təşkilinə yardım edir. Şeyx özü də sabah Məkkədə səs verəcək.

Azərbaycandan ümumilikdə 3700 nəfər Həcc ziyarətinə yollanıb.


AzNews.az