“El” üçün gətirilən əmlak saxlanıldı

8 Oktyabr 2013 17:41 (UTC+04:00)
Dövlət Gömrük Komitəsi EL hərəkatı üçün xaricdən gətirilən əmlakı saxlayıb.
Hərəkatın sədri Eldar Namazov oktyabrın 8-də "Media forum" saytına deyib ki, hadisə bir neçə gün əvvəl baş verib: "Xarici ölkələrin birində hərəkatın atributlarını sifariş etmişik. Hərəkatın bayraqları, üzərində EL-in emblemləri olan köynəklər, başqa geyimlər, qələm, bloknotlar istehsal olunmuşdu. Amma onları ölkəyə gətirməyimizə imkan vermədilər. Dövlət Gömrük Komitəsi malları müsadirə etdi.

Hadisə prezident seçkisinin mühüm mərhələsinə düşdüyünə görə bunu ictimailəşdirmədik, diqqəti seçki kampaniyasından yayındırmaq istəmədik. Seçkidən sonra əmlakımızın qaytarılması üçün dövlət orqanlarına müraciət edəcəyik".

Eldar Namazov əlavə edib ki, EL hərəkatının partiya çevrilməsi ilə bağlı müzakirələr aparıblar: "Hərəkat daxilində partiya formatına keçməyin tərəfdarları da, bununla bağlı mövqeyini tam müəyyənləşdirməyənlər də var. Mən də müzakirələrdə iştirak edirəm. Hər tərəfin öz arqumenti var. Prezident seçkisinin başa çatmasını gözləyirik. Belə qərara gəlmişik ki, ilin sonunadək İdarə Heyətində, Məclisdə və rayon təşkilatlarında partiyaya çevrilmək məsələsini müzakirə edək. 2014-cü ilin əvvəlində EL-in qurultayını keçirməyi planlaşdırırıq. Son qərar qurultayda veriləcək.

EL hərəkatı yalnız prezident seçkisi üçün yaradılmayıb və gələcəkdə fəaliyyətini davam etdirəcək. Hərəkatda təmsil olunan bütün insanlar fəaliyyətin daha da gücləndirilməsinə tərəfdardır".


AzNews.az