Türkiyədə baş örtüsü sərbəst oldu - VİDEO

8 Oktyabr 2013 18:52 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın açıqladığı demokratikləşmə paketi çərçivəsində ictimai müəssisə və dövlət qurumlarında baş örtüyünə sərbəstlik bu gündən qüvvəyə minib.

Artıq paytaxt Ankarada dövlət sektorunda işləyənlər bu gün ilk dəfə işə hicabla gediblər. Vətəndaşlar baş örtüyünün sərbəst olmasından dolayı məmnunluq duyduqlarını bildiriblər.

Türkiyənin "Hüquqşünas Qadınlar Platforması"nın 30-a yaxın üzvü demokratikləşmə paketinə dəstək olaraq, hər məsləkdə olan qadınlara hicab azadlığı verilməsini tələb edib. İstanbul Ədalət Sarayında mətbuat konfransı keçirən "Hüquqşünas Qadınlar Platforması"nın sədri demokratikləşmə paketinin Türkiyədə dəstəklənəcəyinə inandıqlarını bildirib.

Vəkil Figən Şaştım: "Bu mövqedə cənab baş nazirimizin açıqladığı demokratikləşmə paketindəki islahatların böyük bir qisminin Türkiyədə ayrı-seçkiliyə məruz qalmış bir çox kateqoriyaları rahatladacağına inanırıq. Bununla birlikdə açıqlanan demokratiya paketində ictimai yerlərdə hicab azadlığına məhkəmə, polis və ordunun cəlb edilməsini beynəlxalq hüquq normalarına, əsas hüquq və azadlıqların məhdudlaşdırılmayacağı normalara və ən əsası da, hüquq bərabərliyi normasına zidd olduğu üçün qəbul etmirik".

Hüquqşünas qadınlar bir qadının başıörtülü olmasının onun ədalətli qərar verəcəyinə mane olacağını hesab etməyin "qadına qarşı diskriminasiya" olduğunu hesab edirlər. "Hüquqşünas Qadınlar Platforması"nın 2 üzvü isə hicablı vəkilləri məhkəmə zalına buraxmayan hakimlər haqqında məhkəmə iddiası qaldırdıqlarını bəyan edib.





AzNews.az