Sabunçuda seçkilər demokratik şəraitdə keçirilir

9 Oktyabr 2013 08:40 (UTC+04:00)
Oktyabrın 9-də Bakının Sabunçu rayonunda seçicilər yüksək fəallıq nümayiş etdirir, öz iradələrini azad şəkildə ifadə edir, istədikləri namizədlərə səs verirlər.

26 saylı Sabunçu birinci seçki dairəsinin əhatə etdiyi 34 məntəqənin hər birində səsvermə tam mütəşəkkil qaydada keçirdi. 10 məntəqədə veb-kamera quraşdırılıb.

Seçki dairəsi üzrə 47 min 925 seçicidən 4.553 nəfəri saat 10.00-dək prezident seçkilərində iştirak edib.

Dairə seçki komissiyasının sədri Hacı Əliyev bildirib ki, səsvermə zamanı heç bir qanun pozuntusu olmayıb.

Rayondakı 27 saylı ikinci seçki dairəsində fəaliyyət göstərən 38 seçki məntəqəsində də seçicilər sərbəst şəkildə iradələrini ifadə edirdilər.

Dairənin 10 məntəqəsində seçkiləri izləmək üçün veb-kamera quraşdırılıb. Saat 10.00-dək bu dairə üzrə 37 min 555 seçicidən 5.339 nəfəri səsvermədə iştirak edib.

Dairə seçki komissiyasının sədri Nadir Əjdərov bildirib ki, səsvermə zaman qanun pozuntusunun qeydə alınmayıb.

Seçki məntəqələrində səsvermə üçün bütün lazımi şəraitin yaradıldığını qeyd edən seçicilər müstəqil Azərbaycanın nurlu sabahına, xalqımızın xoşbəxt, firavan gələcəyinə səs verdiklərini söyləyiblər.

Seçkiləri izləyən beynəlxalq müşahidəçilər onun tam şəffaf və demokratik keçirildiyini qeyd ediblər.

AzNews.az