Cəmil Həsənlinin nümayəndələrindən ilk şikayət: “Qanunsuz çağırış edirlər”

9 Oktyabr 2013 08:39 (UTC+04:00)
Səhər saat 8-də başlayan seçki prosesi Şəkidə də seçki fəallığı ilə müşahidə olunur. Rayonda 113, 114 və 115 saylı 3 seçki dairəsi fəaliyyət göstərir. 113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Rəhman Qədirzadə AzNews.az-a açıqlamasında bildirib ki, seçkilərə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi təqvim-plana və Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə aparılıb. Səsvermənin keçiriləcəyi 28 seçki məntəqəsi üzrə səhər saat 8-də seçkilərə start verilib. Lakin artıq qanun pozuntuları da müşahidə olunub. Belə ki, 113 saylı dairənin 16 saylı məntəqəsində özünü Cəmil Həsənlinin nümayəndəsi kimi təqdim edən Həsən Hüseynov seçicilərə ünvanlanan çağırış edib: "O, seçicilərə müraciət edərək onları Cəmil Həsənliyə səs verməyə çağırıb. Bu da seçicilərin və müşahidəçilərin narazılığına səbəb olub".

Daiaə sədrinin sözlərinə görə, Cəmil Həsənlinin nümayəndələrinin yol verdiyi daha bir qanun pozuntusu isə 19 saylı məntəqədə müşahidə olunub. Cəmil Həsənlinin Şəki rayonu üzrə nümayəndəsi, AXCP üzvü Əli Abdullayev məntəqənin qarşısında seçiciləri Milli Şuranın namizədinə səs verməyə çağırıb.

R.Qədirzadə faktı aktlaşdırdığını bildirib.

Araz
AzNews.az