Məzahir Pənahov Belarus MSK-nın sədri ilə görüşdü

9 Oktyabr 2013 10:37 (UTC+04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Belarus MSK-nın sədri Lidiya Yermoşina ilə görüşüb.


Müstəqil Mətbuat Mərkəzindən verilən məlumata görə, seçkilərə hazırlıq prosesi barədə məlumat verən MSK sədri bildirib ki, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi üçün beynəlxalq təcrübədə mövcud olan bütün standartlar tətbiq olunub.

O, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımı şəraitin yaradıldığını qeyd edib: "Seçki məntəqələri bütün informasiya texnologiyaları ilə təmin edilib və dünyanın istənilən yerindən seçki prosesini birbaşa izləmək üçün şərait yaradılıb".

Səsvermə gününə olan məlumatları diqqətə çatdıran M.Pəhanov bildirib ki, artıq seçici fəallığı müşahidə olunur. MSK sədri həmçinin qeyd edib ki, seçki prosesində baş verən neqativ halların qarşısının alınması üçün "Qaynar xətt" yaradılıb.

Belarus MSK sədri Lidiya Yermoşina seçkiyə hazırlıq səviyyəsini yüksək qiymətləndirib və seçkilərdə seçici fəallığının müşahidə edildiyini deyib. O, ümid etdiyini bildirib ki, seçici fəallığı nəticəsində seçkilər yüksək səviyyədə başa çatacaq.

AzNews.az