Prezident seçkiləri ilə bağlı telekörpü yaradılacaq

9 Oktyabr 2013 14:47 (UTC+04:00)
2013-cü il oktyabrın 10-da Moskva vaxtı ilə saat 10.00-da İTAR-TASS-ın mətbuat mərkəzində (Tverskoy bulvar, ev 2,2-ci mərtəbə) Azərbaycanda prezident seçkilərinin yekunlarına həsr edilən Moskva-Bakı telekörpüsü keçiriləcək.

Səsvermənin ilkin nəticələrini və Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafı perspektivlərini Moskva Dövlət Universitetinin postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə informasiya-təhlil mərkəzinin direktoru Aleksey Vlasov, Rusiya Siyasi Konyunktur Mərkəzinin direktoru Sergey Mixeyev, "İzvestiya" qəzeti redaksiyasının prezidenti Vladimir Mamontov müzakirə edəcəklər.

Bakıdan bu telekörpüyə Plexanov adına Rusiya İqtisad Universitetinin prorektoru Sergey Markov və səsvermənin gedişinin monitorinqini keçirmiş beynəlxalq müşahidəçilər qoşulacaqlar.

Rusiya və xarici ölkələrin kütləvi informasiya vasitələrinin, televiziya və radio şirkətlərinin nümayəndələrinin telekörpüyə daxil olması əvvəlcədən aparılmış akkreditə üzrə olacaq.(AzərTAc)

AzNews.az