Vəfat edən məntəqə katibi ilə bağlı AÇIQLAMA

10 Oktyabr 2013 08:03 (UTC+04:00)

Sabirabad rayonu Şəhriyar kənd 1 saylı seçki məntəqəsinin katibi Abıyev Ədalət Abuzər oğlunun seçki günü vəfat etməsi barədə məlumatlar yayılıb. Məlumatlara görə, Ə.Abıyev seçki saxtakarlığına dözməyərək vəfat edib. 64 saylı Sabirabad ikinci seçki dairəsindən isə bu məlumatları təkzib ediblər.

AzNews.az-ın məlumatına görə dairədən bu məlumatı "uydurma" adlandırıblar: "1951-ci il təvəllüdlü Ədalət Abıyev həqiqətən bitərəflərin təmsilçisi kimi 64 saylı Sabirabad ikinci seçki dairəsinin 1 saylı Şəhriyar kənd seçki məntəqəsində katib idi. O, bir neçə seçkidə seçki komissiyasının katibi kimi iştirak etmişdi. Son illər Əhəd Abıyevin səhhətində ciddi problemlər yaranmış və o cərrahiyyə əməliyyatına məruz qalmışdı.

Oktyabrın 9-da səhər saat 8.30 radələrində Ə.Abıyevin səhhəti birdən-birə pisləşdiyindən evə aparılıb, ona evində tibbi yardım göstərilsə də, ürək çatışmazlığından vəfat edib. Vəfat etmiş şəxslərlə əlaqədar belə yalanlar heç kimə şərəf gətirmir".

Azər
AzNews.az