ABŞ müşahidə qrupundan seçki açıqlaması

10 Oktyabr 2013 09:37 (UTC+04:00)




ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzinin müşahidə qrupu Azərbaycanda keçirilən prezident seçkilərilə bağlı rəyini açıqlayıb.


Trend-in məlumatına görə, bu gün keçirilən mətbuat konfransında qrupun üzvü, ABŞ-dan olan hüquqşünas Tia Mkittrik qrupa daxil olan insanların başqa bir çox ölkələrdə də seçkiləri müşahidə təcrübəsinə malik olduqlarını diqqətə çatdırıb. O qeyd edib ki, qrupun üzvləri Bakıda və Bakıdan kənarda bir çox seçki məntəqələrində müşahidə aparıblar.

Qrupun rəyini açıqlayan Müstəqil Siyasi Monitorinq Mərkəzinin rəhbəri Lida Lavsin isə qeyd edib ki, seçki məntəqələrində texniki işlər və səsvermənin təşkili beynəlxalq standartlara cavab verirdi: "Mütəxəssislərimiz heç bir seçki məntəqəsində Seçki Məcəlləsinə zidd hallarla rastlaşmayıblar. Seçki zamanı həm yerli, həm də beynəlxalq müşahidəçilər seçkiləri sərbəst şəkildə izləyə bilirdilər. Seçki prosesinin bütün iştirakçıları prosesin tam yüksək səviyyədə təşkil olunduğunu bildirib. Məntəqə seçki komissiyalarının üzvləri seçki qanunvericiliyi ilə tam tanış idilər və istənilən sualı izah edə bilirdilər. Mütəxəssislərimiz hər hansı qanun pozuntusu ilə rastlaşmayıblar".

Qrupun digər üzvü, Polşa Seyminin deputatı Andrej Romanek isə bildirib ki, səsvermə tamamilə qanunauyğun şəkildə keçirildi və insanların seçim hüquqları tam təmin olundu: "Biz hansısa qanun pozuntusuna rast gəlmədik. Seçki prosesi yüksək şəkildə təşkil olunmuşdu və səsvermə prosesi şəffaf keçirilirdi. Müşahidə missiyamızın yekun rəyi ondan ibarətdir ki, seçkilər şəffaf, demokratrik və beynəlxalq standartlara uyğun keçirildi. Seçkilər Azərbaycan vətəndaşlarının iradəsini ifadə etdi və seçicilər öz seçimlərini etdilər".

AzNews.az