Xarici mətbuat İlham Əliyevin qələbəsindən yazır

10 Oktyabr 2013 10:08 (UTC+04:00)
Dünyanın qabaqcıl kütləvi informasiya vasitələri dünən Azərbaycanda keçirilmiş prezident seçkilərini işıqlandırır və hazırki dövlət başçısı, hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin inamlı qələbəsindən yazır.

O cümlədən BBC saytı qeyd edir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, bülletenlərin 75 faizinin hesablanmasından sonra İlham Əliyev təqribən 85 faiz səs toplayıb. Nəşrin yazdığına görə, çoxsaylı azərbaycanlı həyat standartlarının dəfələrlə artmasını əsas gətirərək prezidenti dəstəkləyir.

Seçici İsgəndər Kərimov BBC-yə bildirib: "Mən ona görə prezidentə səs verdim ki, o, son 10 ildə respublikada sabitliyi təmin edib və biz onun fəaliyyətinin dəqiq nəticələrini gördük. Fikrimcə, prezident gələcəkdə ölkə, sabitlik, sülh və çiçəklənmə naminə yorulmadan işləyəcək".
Böyük Britaniyanın "The Guardian" qəzeti də "exit poll"un nəticələrinə görə İlham Əliyevin böyük üstünlüklə qələbə qazanması barədə məlumat verir.
Qəzet yazır: "Prognosis" şirkətinin apardığı müstəqil sorğu göstərdi ki, İlham Əliyev səslərin təqribən 84 faizini toplayıb. Digər iki "exit poll" da oxşar rəqəmlər göstərdi. Müxalifətin əsas namizədi, tarixçi Cəmil Həsənli 8-10 faiz səs toplayıb, yerdə qalan 8 namizəd sonrakı yerləri bölüşürlər".

CNN telekanalı məlumat verir ki, Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri təəccübləndirməməlidir, çünki 70 illik sovet idarəçiliyinın xarabalığından müasir, dünyəvi və demokratik dövlət qurmaq heç də asan deyil və hazırki prezidentin populyarlığı məhz bunun üzərində yaranıb.

Telekanalın qeyd etdiyinə görə, Azərbaycana səfər edən insanlar bilirlər ki, bu, Avropa və Asiya arasında körpü rolunu oynayan böyük iqtisadi potensiala malik tolerant, polietnik və çoxməzhəbli dövlətdir: "Hazırda Azərbaycan Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti" hesabatına əsasən, iqtisadi inkişaf artımına görə 148 ölkə arasında 39-cu yeri tutur".

ABŞ-ın "Vaşington Post" qəzeti Azərbaycanda prezident seçkilərində səsvermənin ilkin nəticələrinə həsr edilmiş məqaləsində qeyd edir ki, İlham Əliyev böyük qələbə qazandı, Azərbaycan Prezidentinin yüzlərlə tərəfdarı isə bu hadisəni qeyd etmək üçün Azərbaycan bayraqları ilə küçələrə çıxıb.

Qəzet Bakı sakini Samirə Quliyevaya istinadən yazır: "Biz hamımız çox xoşbəxtik və hesab edirəm ki, Azərbaycan yaxın 5 il ərzində çiçəklənəcək və dünyanın ən yaxşı ölkəsi olacaq".

"Reuters" agentliyi isə bildirir ki, İlham Əliyev çərşənbə günü keçirilmiş səsvermədə qələbə qazanaraq üçüncü prezidentlik müddətinə seçildi.
Agentlik məlumat verir: "Seçki komissiyasının nümayəndələri məlumat verib ki, seçki məntəqələrinin təqribən 80 faizindən alınan ilkin məlumatlara əsasən, hazırki dövlət başçısı seçicilərin təqribən 85 faizinin səsini toplayıb".

"Bloomberg" agentliyi Azərbaycanda keçirilmiş prezident seçkilərinə həsr edilmiş materialında İlham Əliyevin xidmətlərini və onun ölkə iqtisadiyyatına verdiyi töhfəni qeyd edir.

Agentlik xəbər verir ki, son 10 ildə ölkə iqtisadiyyatı neft-qaz hasilatının çoxalması ilə 3 dəfədən çox artıb: "Bu da Azərbaycanda orta aylıq əməkhaqqının 6 dəfə artaraq 500 dollardan çox olmasına səbəb olub"

AzNews.az