ATƏT prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqladı

10 Oktyabr 2013 13:29 (UTC+04:00)
"Seçki yarışında 10 partiyanın iştirakı plüralizm nöqteyi-nəzərindən müsbət məqamdır. Seçicilərin fəallığı da digər Avropa ölkələrində olduğu kimi yüksək idi. Bu, onu göstərir ki, insanlar nəticədə maraqlıdır".

APA-nın xəbərinə görə, bunu ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə ATƏT Parlament Assambleyasının Azərbaycandakı seçkilərlə bağlı ilkin rəyini açıqlayarkən deyib.

ATƏT PA-nın müşahidə missiyasının rəhbəri Doris Barnett isə ziyarət etdiyi 7 məntəqədəki pozitiv atmosferi və seçicilərin fəallığını qeyd edib.

ATƏT DTİHB-in uzunmüddətli müşahidə missiyasının Tana de Zulueta bəyan edib ki, seçki təkcə səsvermə günündən ibarət deyil, ona görə də missiya 6 həftə ərzində seçkiqabağı vəziyyətin və seçki kampaniyasının gedişinin monitorinqini aparıb. Onun sözlərinə görə, seçkidən əvvəl baş verənlər seçkilərin atmosferinə ciddi təsir göstərir.

Zulueta seçkilər müddətində "ifadə, birləşmə və toplaşma azadlıqlarının məhdudlaşdırıldığını", seçki prosesinə müdaxilə hallarının qeydə alındığını bildirib.

Onun sözlərinə görə, müşahidəçilərin olduğu məntəqələrin 11%-də səsvermənin gedişi zamanı pozuntular müşahidə olunub. O, ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçilərindən neqativ məqamlar eşitdiyini və bunun şəxsən öz təəssüratları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda seçkiləri ATƏT DTİHB-nin 350-dək qısamüddətli və uzunmüddətli müşahidəçiləri izləyib. Səsvermə günü onlar 1143 seçki məntəqəsinə baş çəkiblər ki, bu da ölkə üzrə seçki məntəqələrinin ¼-i deməkdir.

AzNews.az