III Uluslararası Tatarların Tarixi Mirası Konfransı öz işinə başlayıb

10 Oktyabr 2013 17:24 (UTC+04:00)
Osmanqazi Universitetində III Uluslararası Tatarların Tarixi Mirası Konfransı öz işinə başlayıb
Oktyabrın 9-da Əskişəhər Osmanqazi Universitetində III Uluslararası Tatarların Tarixi Mirası Konfransı öz işinə başlayıb. 4 gün davam edəcək konfrans 2013-cü il Türk Dünyası Kültür Başkəndi Ajansı, Atatürk İdeyaları və İnqilab Tarixini Araşdırma Mərkəzi və Rumıniyanın Babeş Bolyai Universiteti Türkoloji və Orta Asiya Araşdırmaları İnstitutunun ortaq təşkilatçılığı ilə keçirilir. Türkiyə, Azərbaycan, Rusiya, Rumıniya, Macarıstan, İtaliya, Çexiyadan gələn 40-a yaxın türkoloqun qatıldığı konfransda elm adamları Krım və Qazan tatarlarının tarixi keçmişi və bu günü ilə bağlı məruzələrlə çıxış ediblər.

Konfransı Əskişəhər Osmanqazi Universitetinin rektoru professor Həsən Gönən açıb. Qonaqları salamlayan Hasan Gönən başçılıq etdiyi universitetin tatar tarixinin öyrənilməsi üçün dünyanın istənilən ölkəsindən gələn alimlərə geniş imkanlar yaratmağa hazır olduğunu bildirib.

Daha sonra kürsüyə Əskişəhər valisi Güngör Əzim Tuna dəvət edilib. Şəhərin tarixi ilə bağlı qısa açıqlama verən vali Tuna Əskişəhərin tatar konfransı üçün təsadüfən seçilmədiyindən söz açıb: "Son illər sürətlə böyüyən Əskişəhərin əhalisinin təxminən 70 faizi tatar kökənli vətəndaşlardır. Birinci və ikinci dünya savaşlarından sonra Əskişəhərə yerləşən tatarlar yerli əhali ilə qaynayıb-qarışıb. Türkiyənin İstanbul, Ankara kimi iri şəhərlərində də tatarlar yaşayır. Ancaq ən böyük tatar topluluğu məhz Əskişəhərdədir. Artıq Əskişəhər həm Krım, həm Kazan tatarlarının ikinci vətəninə çevrilib. Türk dünyası bütün Avrasiya bölgəsinə yayılan bütün türk soylu xalqları birləşdirən bir anlayışdır. Bu geniş dünya içərisində tatarların yaşadıqları coğrafiya önəmli yer tutmaqdadır. Asiya və Avropa qitələrinin sərhədi sayılan Ural dağlarının ətəkləri və Volqa sahillərindən başlayaraq Qara dəniz və Xəzər sahillərinə qədər yayılan bir coğrafiyada yaşayan tatarlar ən müxtəlif səbəblərdən dünyanın dörd bir yanına səpələniblər. Tatarlar öz tarixlərinin bütün dönəmlərində təhsilə, elmə, sənətə yüksək qiymət veriblər. Qazan Universiteti hələ XIX yüzildə Avropanın ən parlaq intellektual çevrələrindən biri idi. XIX əsrin sonunda türk dünyasının ən böyük fikir adamlarından olan tatar kökənli İsmayıl bəy Qaspıralının "Dildə, fikirlər, işdə birlik" çağırışı türk dünyası üçün zamana baxmayaraq önəmi heç zaman azalmayan direktivdir. Onun "Tərcüman" qəzeti vasitəsilə dərc etdirdiyi yeniləşmə işığı yayan məqalələri türk dünyasının sərhədlərini aşaraq Hindistana, Çinə qədər yayılıb. Tatar xalqının öz tarixi mirasını yaşatmaq üçün bu gün də böyük işlər görməkdədir. Üçüncü dəfə ev sahibliyi etdiyimiz konfransa başarılar diləyirəm".

Çıxışının sonunda vali Tuna 2014-cü ildə bu konfransın Tatarıstanın paytaxtı Qazan şəhərində keçirilməsi haqqında qərarı da açıqlayıb: "Qazan bu konfransın keçirilməsinə ən çox hüququ olan iki şəhərdən biridir. Məmnuniyyətlə bildirirəm ki, artıq 2014-cü ildə bu toplantının Qazanda keçirilməsi ilə bağlı ilkin qərar var. Bəllidir ki, gələn il Qazan Türk dünyasının Kültür Başkəndi olacaq. Düşündük ki, ən gözəli Tatarların Tarixi Mirası Konfransına dördüncü dəfə ev sahibliyini də bu şəhər üzərinə götürə bilər. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Türkiyə dövləti olaraq bu konfransın ən yüksək səviyyədə gerçəkləşməsi üçün hər cür dəstəyə hazırıq".

Onu da vurğulayaq ki, dünyanın ən böyük bilim adamlarından sayılan Qalatasaray Universitetinin Hüquq Fakültəsinin professoru tatar kökənli İlbər Ortaylı da konfrans iştirakçıları arasındadır.

Daha sonra konfrans professor Nədim Ünalın moderatorluğu ilə "Tatar dünyası" adlı panellə davam etdi. Paneldə İstanbul Aydın Universitetinin professoru Kamil Vəli Nərimanoğlu, Rumıniya Cluj-Napoca Babeş Bolyai Universitetinin professoru Tahsin Cemil, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutundan Əlfinə Subqatulina, Bilkənd Universitetinin professoru Hakan Kırımlı məruzələrlə çıxış edib.

Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən professor Kamil Vəli Nərimanoğlu çıxışında tatarların Azərbaycan bağları haqqında danışıb: "Azərbaycan çar Rusiyasının tərkibində olan zaman ölkənin türk-müsəlman əhalisinə tatar deyilirdi. Yerli əhalinin dili də tatar dili adlandırılırdı. Yəni çar Rusiyasında "tatar" "türk" anlamının qarşılığı kimi işlədilirdi. Çar Rusiyası dönəmlərində Krım və Kazan tatarları Azərbaycana da köç edib. Bu iki türk xalqının aydınları arasında yaranan münasibətləri təkcə elmlə, yaradıcılıqla məhdudlaşmayaraq məişət səviyyəsinə də keçib. Azərbaycan aydınlarının həyatlarına baxsaq, onların çoxunun tatar xanımları ilə evləndiklərini görəcəyik. Yəni tatar xalqının elmə verdiyi dəyər o zaman qız cocuqlarının təhsilinə gərəkli önəmi verməyən Azərbaycan türklərinin məişətindəki boşluğu doldururdu. Təhsil alan Azərbaycan türkləri geri dönüşdə böyük Mirzə Ələkbərin dili ilə desək, Fatma-Tükəzbanlarla evlənmək istəmirdilər və bu zaman onların evlilik üçün döydükləri ilk qapı tatar ailələrinin qapısı olurdu. Belə izdivaclar Azərbaycanda çox yayğın idi. Doğunun ilk opera yazarı Üzeyir Hacıbəyli, Azərbaycan mediasının qurucusu Həsən bəy Zərdabi kimi aydınların xanımları tatar ailələrinin qızlarıdır. İsmayıl bəy Qaspıralının qızı Şəfiqə xanımın həyat yoldaşı Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri idi. Bu cür evliliklər qan bağı ilə yanaşı kültür və təhsilin səviyyəsi ilə bağlı idi. Sovetlər dönəmində isə bu prosesi ordu sıralarına gedən gənclər davam etdirdi".

Daha sonra Kamil Vəli Nərimanoğlu çıxışını ömrünün önəmli hissəsini Azərbaycanda yaşayan tatar kökənli elm adamlarının həyat və yaradıcılığı ilə bağlı faktların təqdimatı ilə davam edib.

Konfrans müxtəlif panellərlə daha 3 gün davam edəcək.(Musavat.com)