ATƏT missiyasında fikir ayrılığı-ŞOK BƏYANAT

10 Oktyabr 2013 18:43 (UTC+04:00)
"Bütün baş verən polemika və detallı problemlərə baxmayaraq, seçkinin nəticələri təkzibedilməz bir qalibin olduğunu göstərir. Bunu "exit-poll"arın da əksəriyyəti təsdiq edib".

APA-nın məlumatına görə, bunu ATƏT-in qısamüddətli missiyasının rəhbəri Mişel Vuazen bu gün yaydığı xüsusi bəyanatında bildirib.

M. Vuazen qeyd edib ki, xüsusi ixtisaslaşmış müşahidə missiyalarının rəyi də seçki kampaniyasının demokratiya istiqamətində irəliləyiş olduğuna şübhə doğurmadığını göstərir: "Bu, istər namizədlərin sayı, istər onlara televiziya debatlarında bərabər təşviqat kampaniyasında iştirak imkanı yaratmaq, istər nəzərəçarpacaq dərəcədə seçici fəallığı (72 faiz), istərsə də seçkilərin yaxşı təşkil edilməsi və MSK-nın şəffaf fəaliyyətində özünü göstərib".

İndiyə qədər Azərbaycanda dörd seçkidə müşahidəçi kimi iştirak etdiyini deyən M. Vuazen bu seçki prosesində Avropa Şurası və ATƏT-in standartlarına yaxınlaşma istiqamətində əhəmiyyətli irəliləyişə imza atıldığını vurğulayıb: "Hesab edirəm ki, seçkilər azad, şəffaf və ədalətli keçirilib. Mən seçkilərlə bağlı Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin rəyinə tamamilə qatılıram".

M. Vuazen bu qənaətinin ATƏT/DTİHB-nin hesabatında əksini tapmadığını deyib: "Hesab edirəm ki, ATƏT/DTİHB-nin hesabatında AŞ PA və Avropa Parlamentinin, eyni zamanda ATƏT-in qısa müddətli missiyasının müşahidəçilərinin qeyd etdikləri pozitiv aspektlər əksini tapmayıb".


AzNews.az