“Ümid”dən günün ikinci istefa xəbəri; “Yarpaq tökümü” Şəkiyə çatdı - YENİLƏNİB

11 Oktyabr 2013 14:56 (UTC+04:00)
"Ümid" Partiyasından istefalar rayonlara da çatıb. Bu dəfə istefa xəbəri partiyanın Şəki rayon təşkilatından gəlib.

Partiyanın rayon təşkilatını gənclər komitəsinin sədri müavini İsmayılov Elman AzNews.az-a 5 üzvlə birlikdə istefa verdiyini təsdiqləyib: "İqbal Ağazadənin bəyanatı ilə bizim mövqeyimiz üst-üstə düşmür. İstefanın əsl səbəbi budur. Narazılıqlar əvvəl də var idi, sadəcə İqbal Ağazadənin son bəyanatı bunu tezləşdirdi. İstefamızla bağlı İqbal bəyə məlumat vermişik. Əvvəlcədən də ona bildirmişdik ki, belə vəziyyət yaranacağı təqdirdə istefamız qaçılmaz olacaq".

Məsələyə münasibət bildirən partiyanın mətbuat xidmətinin rəhbəri Elman Abbasov isə adı çəkilən şəxsin partiyanın üzvü olmadığını deyib:

"Bu şəxs seçki dairəsində bizim nümayəndəmiz olub. 2 ay əvvəl partiyadan uzaqlaşdırılıb. Partiyanın üzvü olmayan şəxsin belə bir bəyanat verməsi partiyaya qarşı aparılan kampaniyanın tərkib hissəsidir".


***
10:40

Ümid Partiyasından istefalar davam edir. AzNews.az-a daxil olan məlumata görə, Partiyanın Gənclər Təşkilatını sədri Elvin Camalov da istefa verib.

E. Camalov məlumatı AzNews.az-a təsdiqləyərək, istefasının səbəbini açıqlayıb: "İstefamın səbəbi İqbal bəyin partiya üzvləri ilə məsləhətləşmədən, seçkiləri tanıması barədə bəyanat verməsidir.

Əgər biz partiyayıqsa, sədrimiz bizim də fikirlərimizi soruşmalıydı. Axı o, seşkilərə başqa şüarla getmişdi. Təbliğat dövründə başqa cür, seçkidən sonra tamam fərqli mövqe nümayiş etdirildi. Biz gənclər Azərbaycanı azad, demokratik görmək istəyirik".

E.Camalovun sözlərinə görə, onunla bərabər daha 5 gənc partiya sıralarından ayrılıb. Və bu sayın daha da artacağı gözlənilir. Məlumata görə, istefa verənlər əsasən Partiyanın Bakıdan olan nümayəndələridir ki, onların da arasında Elvin Həmzə, Elşən Şahbəndinov, Süleyman Süleymanzadə, Ramin Hüseynov da var: "İqbal Ağazadəyə bu barədə məlumat verilib və səbəbi açıqlanıb".

Bundan sonra fəaliyyətinin heç bir siyasi partiyada davam etdirmək niyyətinin olmadığını deyən E.Camalov hansısa gənclər təşkilatında təmsil olunmağı istisna etməyib. Xatırladaq ki, bundan əvvəl İ.Ağazadənin müavinləri - Aynur İmranova və Ruslan İzzətli partiyadan istefa verib.

Bahar Rüstəmli
AzNews.az