Jurnalist Ceyhun Musaoğlu ATƏT-ə qarşı

11 Oktyabr 2013 11:34 (UTC+04:00)
ATƏT-in oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı hazırladığı hesabatda yer alan tənqidi fikirlər yerli QHT-lərin narazılığına səbəb olub.

Onlardan biri Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu saytımıza açıqlamasında bildirib ki, Azərbaycanda keçirilən 9 oktyabr seçkiləri ilə bağlı yerli və beynəlxalq təşkilatların yaydığı bəyanatları təbii qarşılamaq lazımdır.

Onun sözlərinə görə, belə reaksiyalar ölkəmizin həyatında baş verən hadisəyə yönələn diqqəti göstərir: "Seçkidən əvvəl təbliğat-təşviqat kampaniyası zamanı və seçki günü Jurnalist Ekspert Mərkəzinin əməkdaşları müşahidələr aparıblar. Təbliğat-təşviqat kampaniyası zamanı namizədlərə yaradılan şərait yüksək səviyyədə olub. Namizədlərin fikirlərini debatlarda, mitinqlərdə açıq və demokratik şəkildə bəyan etməsi, aksiyalar üçün şəhərin mərkəzində yer ayrılması, təbliğat materiallarının paylanmasına heç bir kənar müdaxilələrin olunmaması demokratik ab-havadan xəbər verirdi".

C.Musaoğlu nun sədri olduğu JEM əməkdaşları seçki günü də məntəqələrdə müşahidələr aparıblar və ciddi qanun pozuntularına rast gəlməyiblər. JEM sədri hesab edir ki, ATƏT-in seçki hesabatında yaydığı tənqidi fikirlər subyektiv amillərin nəticəsidir: "İnanmırıq ki, seçkidəki seçici kütləviliyinin aşağı olduğunu kimsə deyər. Seçicilərin seçkidə iştirak faizi və qalib namizədin qazandığı səslər də bir daha sübut edir ki, seçicilər bu prosesə olduqca ciddi yanaşıblar. Bəzi məntəqələrdə cüzi qanun pozuntularını nəzərə almasaq, 9 oktyabr seçkisinin tam Avropa standartlarına uyğun keçdiyini söyləyə bilərik. Çox güman ki, ATƏT hazırladığı hesabatda yerli müşahidəçilərin rəylərini nəzərə almayıb və bu da onların bəyanatının ifrat notlar üzərində hazırlanmasına yol açıb".

C.Musaoğlu onu da bildirib ki, seçkinin qeyri-demokratik keçdiyini yalnız bir faktla sübut etmək olar: "Əgər seçki qeyri demokratik olubsa niyə müxalifət namizədə səs verənlər etiraza qalxmırlar? Seçicilərdən etiraz edən yoxdur. Çünki, onlar seçkinin nəticəsi ilə razıdırlar".

JEM sədri onu da vurğulayıb ki, bəzi seçki məntəqələrində yaşanan anlaşılmamazlıq, cüzi qanun pozuntularına əsasən seçkidə ilk dəfə iştirak edən seçicilərin yol verməsi, kiminsə başqasının yerinə səs verməyə cəhd göstərməsi seçkinin nəticəsinə heç cürə təsir edə bilməz: "Səslərin sayılması prosesi şəffaf keçib. Protokollar üzləri çıxarılaraq müşahidəçilərə, o cümlədən jurnalistlərə paylanılıb. MSK sədri Məzahir Pənahov bəyan edib ki, baş verən cüzi qanun pozuntuları aidiyyatı qurumlar tərəfindən araşdırılır. Bu hala yol verənlər qanuna uyğun olaraq cəzalandırılacaqlar".

C.Musaoğlu seçkidən sonra müxalifət düşərgəsində yaşananlara da diqqət çəkməyin vacibliyini bildirib: "Seçki bitəndən sonra uduzan müxalifət partiyalarında parçalanmalar oldu. Hətta ADP sədri məğlubiyyətinə görə, sədrlikdən istefaya getdi. O cümlədən Ümid Partiyasının 3 yetkilisi partiya sıralarını tərk edib. Bu onu göstərir ki, müxalifət qanuni yolla uduzması faktı ilə razılaşır. Məhz həmin müxalifət liderlərindən qalib namizədi təbrik edənlər də olub. Bununla yanaşı əksər ölkələrin rəhbər şəxsləri İlham Əliyevi qələbə qaznması münasibəti ilə təbrik ediblər.

Çox güman ATƏT və daha çox subyektiv amillərə söykənən digər beynəlxalq təşkilatlar növbəti hesabatlarında bu kimi halları nəzərə alacaq".

Elnur
AzNews.az