İnkvizisiya və bolşevizmin açıb ağartdıqları

11 Oktyabr 2013 12:59 (UTC+04:00)
Öncəki yazılara boylananda


Son yazılarımda iki konuya toxunmuşdum. Uğurlu toplumun və adamın uğradığı pislərdən, yamanlardan faydalanma ideyasına, bir də, başqalarında olan ideyalardan faydalanmaqla yanaşı, öz əlavələrini ortaya çıxarmaq bacarığına. İndi bunların ikisinin qovşağında düşüncə yapmaq işinə girişim.

İnkvizisiya və bolşevizm

Düzü, pisi yaxşıya çevirmək ideyası mənim başımdan doğmayıb. Hətta bu anlayışları işlətməklə böyük bir ideologiya da formalaşıb. Tarixçilər göstərir ki, İnkvizisiyanın metodu belə idi: nə pislik edirsən et, sonda onlar yaxşı məqsədə çatdırırsa, qəbuldurlar. Bunu qısaca belə düsturlaşdırırdılar: məqsəd ona çatdıran vasitələri doğruldur.

Bolşevizmdə repressiyaları təmizə çıxaran bir düstur vardı: pisin əli ilə yaxşını yaratmaq. Lenin də, Stalin də, Trotski də bu düsturu gərçəkləşdirməkdə xarüqadələr yaratmışdılar.

Dəyərli oxucum (prezidentliyə namizədlərin "əziz xalqım" dedisinin sinonim?!), siz bolşevizmdən və İnkvizisiyadan uzaq Azərbaycan, ancaq, təkcə Azərbaycan yox, bütün çağdaş dünyada İnkvizisiyanın və bolşevizmin bu eyləm və düşüncə düsturunun ağartı və qaraltılarnı tanıyırsınızmı?!

Korrupsiya haqqında alışılmamış düşüncə

Korrupsiyanı hər yerindən duran pisləyir. Ancaq ağıllı korupsioner cavabında deyə bilər ki, korupsiya bizim və hətta dünya iqtisadiyyatının mexanizmlərindən, yəni işləmə sistemlərindən, motorlarından biridir. Tanıdınızmı pisin, yamanın araclığı ilə Yaxşını yapmağı? O yerdə ki prosedurlar, qanunlar işi dolaşığa salır, korrupsiya qısa və kəsə yollar açır. Ona görə də, korrupsiyaya nifrət edən hər kəsdə elə məqamı olur ki, nifrəti azalır. Kəsə yol insana nə qədər doğmadırsa, korrupsiya da elə doğmadır. Dostum Rəhman Bədəlovun bir deyimi var (bəlkə də, özününkü deyil): Demokratiya prosedurlardır. Yəni nəyi edirsənsə et, ancaq özbaşınalıqla yox, öncədən yaxşılığını sübut etdiyin kurallarla (qaydalarla) et! Məsələn, Amerikada lobbistlər əməlli-başlı korrupsiya ilə məşğul idilər. Prosedurçular gördü ki, bunun qabağını almaq əbəsdir, onun üçün də bundan faydalanmaq gərəkdir. Sonucda həmin prosesi qanunçuluq proseduruna salıb lobbiçiliyi leqallaşdırdılar. Yəni pulun alınıb-verilməsini şəffaflaşdırıcı prosedura saldılar. Bunun sonucudur ki, Amerikanın, deyəsən, Bjesinskidən oxuduğum faydası yaranıb: xeyli dünya dövlətlərinin Vaşinqtonda rəsmi lobbi qurumları var ki, Konqresin qərarlarına həmin dövlətlərin maraqlarına uyğun etgi yapsınlar. Beləcə, ABŞ dünya mərkəzinə çevrilib.

Qərbdəki korrupsiya

Bilmirəm, korrupsiyanın heyvanlar aləmində toxumları var, ya yoxdur. Ancaq qısaltmaq, kəsələşdirmək insana doğma olduğu üçün də özbaşına buraxılmış hər kəsdə özünü göstərir. Mən 90-cı illərdə sadəlövhcəsinə düşünürdüm ki, Batıdakı anti-korrupsiya sərtliyi ona gətirib ki, orada korrupsiya çoxlarının mahiyyətindən sovrulub. Sonra gördüklərim nə qədər uşaq-uşaq düşündüyümü göstərdi. Avropa Şurasında italyan, ispan, hərdən alman deputatlarının əməllərindən göründü ki, rüşvət, peşkəş, hörmət onlara yad deyil. Sadəcə, öz ölkələrində qorxurlar, çünki adi vətəndaşların da nəzarəti var. Ölkələrinin yurisdiksiyasından çıxanda isə bizə oxşayırlar.

Mən bunları nə üçün deyirəm? Həm korrupsiyanın aradan götürülməsinin çətinliyini göstərmək üçün, həm də Liberal dünyanın bir imperativinin (buyruğunun) romantikliyini açmaq üçün. Liberal dünya və Liberal dəyərlərə söykənən əxlaq İnkvizisyanın "məqsəd vasitələri doğruldur" prinsipini qapıdanca qovur. Halbuki bu prinsip "pisdən faydalanmaq" fəlsəfəsi biçimində bütün çağdaş dünyanı bürüyüb.

Söylədiklərimdən hansı yeniliyə çıxmaq olar?

Elə pis var ki, onu asanca çevirib faydalı etmək olur. V.Veliçkodan oxuyuruq ki, Gürcüstanda Alay bəy adlı qaçaq vardı, camaata zülm edənləri soyur, öldürürdü. İgidlik möcüzələri göstərən bir ərən idi. Alay bəy qaçaqlarına qadınlara və uşaqlara toxunmağı yasaq etmişdi. Bəzən isə biləndə ki, qadının daş-qaşı yadigardır, geri qaytartdırırdı.

Alay bəy bir Borjom bağında erməni milyonçusunun evinə girərək məcbur etmişdi ki, onun arvadı ona samovar çayı qoyub xadimə kimi qulluq etsin. Alay bəy gimnaziyanı bitirmişdi, rusca bilirdi, hörmətli ağa soyundan idi. Bir ədalətsiz məhkəmə onun bəyliyini alanda və o, bütün var-dövlətini itirəndə qohumu bütün bunlara sahib olmuş və onun nişanlısını özünə götürmüşdü. Alay bəy onu öldürür və buna görə Sibirə sürgün edilir. Sürgündən qaçaraq geri qayıdır və qaçaqçılıq edir. Alay bəy əhvalatında bu qoçaq adamın başına gələn pislikləri necə faydaya çevirdiyini görürük. O, cinayətkar kimi normal həyatdan dış edilməsini həməncə ad-san gətirən qaçaqçılığa çevirir.

Dünyada elə pislər də var ki, onlardan faydalanmaq üçün xeyli zaman içində xeyli işlər görülməlidir. Məsələn, inanclı Amerika atalarının dini düşmənçiliklərdən dini azadlığın faydasını anlamasından ötrü yüz illərin təcrübəsi gərək oldu.(teleqraf.com)