Rusiya Dövlət Dumasının sədri İlham Əliyevi təbrik etdi

11 Oktyabr 2013 15:53 (UTC+04:00)
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin İlham Əliyevi yeni müddətə Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.


Təbrikdə bildirilir:

"Yeni müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizin inamlı qələbənizlə başa çatan, MDB-nin müşahidəçilər missiyasının qeyd etdiyi kimi, açıq və azad şəkildə keçirilən seçkilər bir daha göstərib ki, Azərbaycan rəhbərliyinin ölkənin dövlət və ictimai sistemlərinin daha da təkmilləşdirilməsi xətti əhali tərəfindən geniş dəstəklənir.

Əminəm ki, sizin dövləti fəaliyyətdə zəngin təcrübəniz, yüksək siyasi nüfuzunuz və bəşəri müdrikliyiniz bundan sonra da respublikanın sosial-iqtisadi tərəqqisinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə, ölkələrimizin xalqlarının rifahı naminə çoxşaxəli Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsinə xidmət edəcək.

Hörmətli İlham Heydər oğlu, sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasının Prezidenti kimi məsul vəzifədə yeni uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram".


AzNews.az